Qurtuluşdan tərəqqiyə

Müsair Azərbbaycan dinamik inkişaf edən bir ölkədir. Ölkədə baş verən müsbət dəyişikliklər hər bir vətəndaşın gözü qarşısında baş verir. Yetişən gənc nəsil, xüsusilə də 20-25 yaş arası gənclər gözünü açıb Azərbaycanı sabit, əmin-amanlığın hökm sürdüyü bir ölkə kimi görüblər. Lakin orta və yaşlı nəslin nümayəndələri müstəqil Azərbaycanın ağır, keşməkeşli günlərini görüblər və yaxşı xatırlayırlar.

Azərbaycan bu dövrə, bu günə gəlib çıxana kimi olmazın qan-qada və ağır böhranlardan keçməli olmuşdur. Öz övladlarının qanı-canı bahasına 1991-ci ildə müstəqillik əldə edən Azərbaycan obrazlı desək yağışdan çıxıb, yağmura düşmüşdü. Təbii ki, səriştəsiz, naşı və savadsız rəhbərlər üzündən. Ölkədə siyasi hakimiyyətə sahiblənmək istəyən qruplar sözün əsil mənasında ölkəni uçuruma aparmaqla məşğul idlər. 1992-93-cü illərdə ölkədə silah gücünə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü yarıtmaz siyasəti və xalq malına hərisliyi səbəbindən onsuz da zəif olan ölkə iqtisadiyyatını tamamilə çökdürmüş, hərc-mərclik yaratmış və ölkədə gündən günə dərinləşən həm siyasi, həm də iqtisadi böhranla üz-üzə qoymuşdular. Ölkədə yaranmış vəziyyət Azərbaycana qarşı torpaq iddiasında olan təcavüzkar Ermənistanın əlinə fürsət vermişdi. Ölkənin vəziyyəti çox acınacaqlı idi. Xalqın gündəlik yaşayışı və təhlükəsizliyi gündən günə daha ağır təhlükə qarşısında qalırdı. AXC-Müsavat cütlüyü isə hakimiyyətini saxlaya bilmək üçün əllərində olan silahları xalqın gözünü almaq məqsədilə istifadə edir, insanları hədə-qorxu altında yaşadırdılar.  Xalqın sabaha olan inamı belə sarsılmışdı. Lakin xalqın tək bir ümid yeri vardı. O da ulu öndər Heydər Əliyev! Məhz həmin çətin günlərdə xalq öz xilaskar oğluna müraciət etdi. Xalqın təkidli tələbilə Bakıya gələn ulu öndər Heydər  Əliyev Gəncədə baş verən hadisələrlə maraqlnamaq üçün ilk olaraq Gəncəyə getdi. Həmin vaxt Gəncədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. 

Ulu öndər Heydər Əliyev Gəncədə baş verən hadisələrlə yerindəcə maraqlanmış və yaranmış problemin həllinə nail olmuşdu. Paytaxt Bakıda isə gərginlik davam edir və ölkənin o zamankı prezidenti isə ölkəni, dövləti  başsız buraxıb doğulduğu kəndə getmişdi. AXC-Müsavat cütlüyünün digər başbilənləri isə hakimiyyətdə möhkəmlənmək, vəzifədə bir addım da irəli getmək xülyası ilə yaşayır, ölkənin problemləri ilə məşğul olmurdular. 

Ulu Öndər Heydər Əliyev 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçildi. Məhz bu tarix  ölkədə  dönüş nöqtəsi oldu. Ulu öndər Heydər Əliyev ölkədə olan bütün problemləri bir-bir həll etməyə başladı. Lakin bu heç də asan deyildi. Çünki Heydər Əliyevə qarşı daxildəki vəzifə hərisləri, düşmən dəyirmanına su tökənlər mane olur, Azərbaycana qarşı təcavüz edən erməninin qısa zaman kəsiyində irəliləməsinə şərait yartmış olurdular. Lakin xalq öz xilaskarının yanında idi. Xalqın dəstəyi ilə prezident seçilən Heydər Əliyev ölkə daxilində sabitliyi təmin etdi, erməni təcavüzünün qarşısını almaq üçün sülh müqaviləsinin imzalanmasına nail oldu. Ölkədə nizami ordu quruculuğunun əsasını qoyan ulu öndər Heydər Əliyev ayrı-ayrı silahlı şəxslərin ölkənin ərazi bütovlüynə zərbə endirmək istəklərinin də qarşısını almış oldu. Ölkədə daxili sabitliyin təmin edilməsi və Ermənistanın hərbi əməliyyatlarının dayandırılmasından sonra ölkə iqtisadiyyatının canlandırılması ulu öndərin qarşısına qoyduğu əsas hədəflərdən biri idi. 

1994-cü ilin sentyabrında  dünyanın tanınmış və nəhəng neft şirlkətləri ilə Əsrin Müqaviləsinin imzalanması isə artıq ölkə iqtisadiyyatına verilən yeni nəfəs idi. Baxmayaraq ki, həmin dövrdə Əsrin müqaviləsinin imzalanmasına qarşı çıxanlar və hətta ulu öndərin şəxsi həyatına sui-qəsd etmək kimi cəhdlər də vardı.

Azərbaycan artıq əmin və etibarlı əllərdə idi. Azərbaycan xalqı ağ günə çıxmışdı və insanlar bunu “Xalq Heydər, Heydər Xalq” təntənəsi olaraq qiymətləndirirdi.


Azərbaycanda hər bir sahədə paralel olaraq canlanma yaşanırdı. Ulu öndər Heydər Əliyev isə gecə-gündüz, yorulmadan ölkənin hərtərəfli inkişafı üçün çalışır, hər bir sahə ilə şəxsən özü yaxından maraqlanırdı. İstənilən sahəyə – ordu quruculuğu, iqtisadiyyat, təhsil, gənclik, idman, mədəniyyət, hansı sahə olmasından aslı olmayaraq, nəzər salqdıqda ulu öndərin xidmətləri göz önündə canlanır.


İlk dəfə prezident seçildikdən sonra and içmə mərasimində ulu öndər Heydər Əliyev belə bir söz söyləmişdi: “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram.” Həqiqətən zaman bu deyilənləri sübut etmiş oldu. Daha doğrusu, ulu öndər Heydər Əliyev öz yorulmaz, canı-qanı, çəkdiyi min bir əziyyətlə bunu sübut etdi.

Artıq Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz sahibinə çevrilmiş bir ölkədir. İqtisadiyyatımızın davamlı inkişafı təmin edilir, ölkənin hər bir bölgəsində infrastruktur layihələri uğurla icra edilir,  müasir məktəb, səhiyyə binaları, idman kompleksləri tikilir, avtomobil yolları yenidən qurulur, yaşayış məntəqələrinin qazlaşdırlması, fasiləsiz enerji təchizatı və içməli su təminatı təmin edilir. Bütün bunların əsasında isə cənab prezidentimiz İlham Əliyevin  zamanın tələbləri çərçivəsində uğurla həyata keçirdiyi ulu öndər Heydər Əliyev siyasəti dayanır.
Cənab prezidentin qətiyyətli və çevik siyasəti ilə ölkədə davamlı struktur və kadr islahatları, eləcə də sosial islahatlar aparılır ki, burada əsas məqsəd Azərbaycanın daha güclü və daha inkişaf etmiş bir ölkəyə çevrilməsidir.  

Müasir Azərbaycan artıq beynəlxalq əhəmiyyətli tədbirlərə layiqincə ev sahibliyi edən, dünyada öz mövqeyi olan, regional, həmçinin qitələrarası neft-qaz və nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısı kimi tanınır. 


Həmçinin cənab prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan dövləti müasir qlobal çağırışlara, eyni zamanda dünyada gedən proseslərə adekvat yanaşa bilən bir ölkədir.  Biz bunu hazırda bütün dünyada yaşanan COVİD 19 adlı pandemiyanın fonunda da açıq-aydın görə bilirirk. Azərbaycanın virusa qarşı həyata keçirdiyi preventiv tədbirlərdən tutmuş, ölkədə karantin rejmi tətbiq edilən müddət ərzində həyata keçirilən bütün tədbirlərin mükəmməlliyinə və effektivliyinə əsaslanaraq deyə bilərik. Pandemiya dövründə bir daha sübut olundu ki, Azərbaycan həqiqətən güclü dövlətdir və yarana biləcək istənilən fors-major vəziyyətlərə hazırdır.  Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyev siyasətinin günün tələbləri çərçivəsində həyata keçirilməsi dayanır.


Ulu öndərin əsas amalı xalqa xidmət idi və biz bu amalın onun adına olan Fondun iş prinsipində də görə bilirik. Heydər Əliyev Fondu  çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çoxlu sayda xeyriyyə aksiyalarına, ölkə, regional və beynəlxalq əhəmiyyətli layihələrə uğurla imza atır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz xeyriyyəçiliyi və ictimai-siyasi fəaliyyəti ilə xalqımızın rəğbətini qazanaraq insanlarımızın ümid yerinə çevrilmişdir.

Xalqımız xoşbəxt xalqdır. Onun üçün xoşbəxt xalqdır ki, ulu öndər Heydər Əliyevin siyasi kursu cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin firavan gələcəyi üçün davamlı olaraq mühüm işlər görülür. Lakin Azərbaycan xalqının xoşbəxtliyini, əmin-amanlıq, sabitlik şəraitində yaşamasını istəməyən və siyasi maraqları üçün ölkəmizə, xalqımza asi kəsilən “müxalifət” qiyafəli radikal düşüncə sahibləri və anti-milli ünsürlər 90-cı illərin əvvəllərindəki kimi öz çirkin əməllərindən qalmaq istəmirlər. Əslində bu adamlar anlamaq istəmirlər ki, xalq onlara çoxdan “yox” deyib və nə olur, olsun onlara inanan deyil. Ölkədə bərqərar olan möhkəm əsaslı xalq-iqtidar birliyi də buna bariz sübutdur. Müdrik xalqımız çox gözəl bilir ki, müstəqil Azərbaycanın firavan gələcəyi naminə ölkəmizin ulu öndər siyasətinə hələ çox böyük ehtiyacı vardır.

Biz tariximizi, dünənimizi unutmamalıyıq. Azərbaycanın keçmişdə əldə etdiyi uğurlarının təməlində Heydər Əliyev siyasəti dayanır, bu gün də, sabah da belə olacaq. Bir sözlə müasir müstəqil Azərbaycan 1993-cü ildən bu vaxta kimi ötən  27 illik bir müddət ərzində çox böyük bir yol keçib. Heç bir tərəddüd olmadan biz bu yolu  “Qurtuluşdan tərəqqiyə gedən yol” da adlandıra bilərik!

Cavid Osmanov

Milli Məclisin deputatı