“Quş qripi” ilə bağlı monitorinqə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyi ilə bağlı keçirilən monitorinqi davam etdirir.

XALQ.AZ xəbər verir ki, Milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda aparılan monitorinqə bu gün başlanılıb. Monitorinq DBX-nin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə keçirilir.

Artıq DBX-nin əməkdaşları Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş seçmə üsulla ovlanmış köçəri quşlardan patoloji material, həmçinin Abşeron rayonundakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 50 baş ev quşundan qan nümunələri götürüblər.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazidə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməmiş, eləcə də təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti yoluxucu infeksion xəstəliyə rast gəlinməyib.

Götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

DBX bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün DBX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

 

Orxan