Qusarda avtomobil yolu yenidən qurulur

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Qusar rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir neçə yol layihəsi uğurla icra olunur.

XALQ.AZ xəbər verir ki, Agentliyin mətbuat xidmətindən  bildirilib ki, bura 1 respublika və 2 yerli əhəmiyyətli (kəndlərarası) avtomobil yolu daxildir. Bu yolların uzunluğu 78 kilometr olmaqla, 100 mindən artıq əhalinin yaşadığı 45 yaşayış məntəqəsini əhatə edir.

Qeyd olunub ki, sözügedən layihələrdən biri 21,5 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini əhatə edən və uzunluğu 21 kilometr olan köhnə Xudat-Həzrə avtomobil yoludur.

Hazırda tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 3100 kubmetr həcmdə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur. Yolun çiyin hissələri 42 min kvadratmetr sahədə genişləndirilərək optimal qarışıqlı çınqılla bərkidilir, küvet hissələr açılır.

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsini nəzərə alaraq 3 kilometr uzunluğunda yeni piyada səkiləri inşa olunur, kənarlarına isə yeni səki daşları düzülür.

Tikinti norma və qaydalarına uyğun olaraq, daha sonra yolun 170 min kvadratmetr sahəsində optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının alt və üst layının inşası işləri görüləcək. Yol əsası hazır olan yerlərə isə növbəti mərhələ çərçivəsində asfalt-beton örtük döşənəcək. Ümumilikdə, yolun 120 min kvadratmetrdən çox hissəsinə xırda və iri dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtük döşənəcək.

Bundan başqa, yol boyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün 60 poqonmetr uzunluğunda suötürücü dəmir-beton boruları tikintisi, mövcudların isə təmir olunaraq bərpa edilməsi nəzərdə tutulub.

Tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün 76 ədəd yol nişanları və məlumatverici lövhələr, 21 ədəd kilometr göstəricisi və 680 ədəd siqnal dirəyi quraşdırılacaq, 63 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu yaşayan vətəndaşların rayon mərkəzinə gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişindaşıması isə asanlaşacaq. Bununla da, sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının və turizmin inkişafına təkan verəcək.

Elgün