Rəsmi milyarder elan olunan Seyfəddin Rüstəmov kimdir?

Xəbər verdiyimiz kimi, dünyanın məşhur “Forbes” jurnalı Rusiyanın ən zəngin biznesmenlərinin növbəti reytinq siyahısını tərtib edib. Siyahıda 6 azərbaycanlı yer alıb ki, onlardan biri – Seyfəddin Rüstəmovun adı ilk dəfə bu siyahıya düşüb.

XALQ.AZ xəbər verir ki, Sosium.az ilk dəfə rəsmi olaraq milyarder adını qazanan biznesmen Seyfəddin Rüstəmova bağlı araşdırma aparıb.

Seyfəddin Rüstəmov kimdir?

Seyfəddin Rüstəmov 1962-ci ildə Qusar rayonunda anadan olub. Rusiya Sosial-Humanitar İnstitutunu bitirib. İxtisaca iqtisaçıdır. Hərbi xidməti başa vurduqdan sonra Rusiyaya üz tutub və o zamandan Moskvada yaşayır.

Əvvəllər kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.Rüstəmov 2000-ci ildən biznes sərhədlərini böyüdüb və energetika fondlarına, kommersiya və yaşayış təyinatlı daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Rus mətbuatının iddialarına görə, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.

Hazırda “Metrafaks” Açıq Səhmdar Cəmiyyətinin majoritar səhmdarı olan “MetaHolding” şirkəti də onun idarəçiliyi altındadır. “Metrafaks” 2017-ci ildə Rusiyanın Perm və Moskva vilayətlərində, habelə Avstriyanın Krems şəhərində istehsalat güclərinə malik olan hərtərəfli şirkətlər qrupuna çevrilib. O, Rusiyada və Avropada ən iri metanol, formalin və sintetik qatranlar istehsalçısıdır.

“Metrafaks”ın illik hasilatı 40 milyard rubldan (700 milyon dollara yaxın) çoxdur. Şirkətlər qrupunun illik investisiya həcmi 5 milyard rubla yaxındır. Şirkətin zavodları metanol, formalin, pentaeritrit, urotropin, sintetik qatran və digər adda kimya sənayesi məhsulları istehsal edir. Məhsullarını dünyanın 50-dən çox ölkəsinə satır. Büdcəyə ildə 2 milyard rubldan çox vergi ödəyir.

İddialara görə, azərbaycanlı biznesmen həyat yoldaşı ilə birlikdə səhiyyə, transplantologiya, xərçənglə mübarizə, təhsil və incəsənət fondlarını dəstəkləyir.

 

Orxan