Rabitə sahəsi işçilərinin peşə bayramı keçirilir

85

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə videokonfrans keçirilib. ANS PRESS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, rabitə və İnformasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən “İnternetin dünəni, bu günü və sabahı” adlı virtual konfransla canlı bağlantı yaradılıb və nazir Əli Abbasovun peşə bayramı ilə bağlı təbrikləri dinlənilib.

İ. Məmmədov bildirib ki, Azərbaycanda bu bayramın keçirilməsi rabitə və informasiya texnologiyaları sahəsində çalışan insanların əməyinə verilən yüksək qiymətin nəticəsidir.

“2006-ci ildən bu günədək 120-dən çox rabitə işçisi müxtəlif mükafatlarla təltif ediliblər. İşində yüksək nailiyyətlər əldə edən və sektor üzrə uzun müddət təcrübəsi olan işçilərin mükafatlandırılması onların həvəslə işləməsinə stimul yaradır. Rabitə və informasiya texnologiyaları sahəsinə verdiyi töhfələrə görə gənc əməkdaşları daha da həvəsləndirmək üçün müxtəlif mükafatlar təsis edilib”,- deyə nazir müavini bildirib. Son illər ərzində həyata keçirilən işlərdən danışan İ.Məmmədov “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin sektorun inkişafı və qlobal layihələrin reallaşdırılması üçün geniş imkanlar yaratdığını qeyd edib. O, ölkəmizin yaxın gələcəkdə regionun İKT mərkəzinə çevriləcəyinə əminliyini ifadə edib. “Cari ilin ən mühüm hadisəsi kimi ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılmasını, “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi ilə bağlı BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən Avrasiya Rabitə Alyansının yaradılmasını və təşəbbüsün reallaşması üçün bu günlərdə operator şirkətlərlə imzalanan memorandumu misal göstərmək olar. Təbii ki, görülən işlər bununla yekunlaşmayıb. Gələcəkdə daha irimiqyaslı layihələrin reallaşması üçün ölkəmizdə münbit şərait, ən ali səviyyədə dövlət dəstəyi və bu işləri həyata keçirmək üçün kifayət qədər savadlı kadrlar mövcuddur”.

Tədbir çərçivəsində Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və Azərbaycanda telefon rabitəsinin yaradılmasının 132 illiyi münasibəti ilə 26 oktyabr-26 noyabr tarixlərində keçirilən rabitəçilərin ənənəvi “Sağlamlıq-2013” Respublika spartakiadasının qalibləri mükafatlandırıldı. Bu il 21-ci dəfə keçirilən 9 idman növü üzrə spartakiadanın qalibləri “Aztelekom” İstehsalat Birliyi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və Azərbaycan Texniki Universiteti olub.