Ramil Usubov İtaliya səfirini qəbul edib

9

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 4-də İtaliyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ciampaolo Kutillonu qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, nazir səfirə fəaliyyəti müddətində Azərbaycan-İtaliya əlaqələrinin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini diqqətə çatdıran R.Usubov ötən il noyabrın əvvəllərində İnterpolun Baş Assambleyasının İtaliyanın paytaxtı Roma şəhərində keçirilmiş 81-ci sessiyasında iştirakını, orada “Azərbaycan Daxili İşlər Nazirliyi və İtaliya Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş»in imzalanmasını xatırladıb, bu sənədin hər iki ölkənin anoloji qurumları arasında əməkdaşlıq üçün yaxşı imkanlar açdığını bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin və beynəlxalq hüquqi aktların müddəalarının daha dərindən öyrənilməsi məqsədilə Polis Akademiyasında «İnsan hüquqları» üzrə xüsusi kurs təşkil olunub.

Həmçinin, bildirilib ki, polis əməkdaşlarının peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübənin öyrənilməsi üçün son 4 ildə yalnız insan hüquqlarına dair ölkəmizdə və xarici dövlətlərdə keçirilən bu növ tədbirlərdə 1500-ə yaxın əməkdaş iştirak edib.

Nazir əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə Azərbaycanın MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutduğunu bildirib.

General-polkovnik Ramil Usubov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli şəkildə həlli prosesinə verdiyi dəstəyə görə İtaliya tərəfinə minnətdarlığını bildirib.

Daxili işlər orqanlarının qarşılaşdığı problemlərdən də danışan nazir transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı növlərinə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə, terrorçuluğa, qeyri-qanuni miqrasiyaya və insan alverinə qarşı mübarizənin tək bir dövlətin işi olmadığını, bu sahələrdə birgə mübarizə aparılmasının vacibliyini önə sürüb.

Səfir Ciampaolo Kutillo qəbula və ətraflı məlumatla görə nazirə minnətdarlığını bildirib.