Ramil Usubovun Lənkəranda qəbulu olmuşdur

05

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarla görüşmələri, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə tapşırığına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 21-də Lənkəran şəhərində növbəti qəbul keçirmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, həmin gün şəhər-rayon polis şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlarından olan sakinləri qəbul edən nazir onların müraciətlərini dinləmiş, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün konkret tapşırıqlar vermişdir.

Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapmışdır. Polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılmışdır.