Ramin Quluzadə qəbul keçirib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Zaqatalada vətəndaşları qəbul edib.

XALQ.AZ xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin sentyabr ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Zaqatala şəhəri, Heydər Əliyev Mərkəzində Balakən və Zaqatala rayonlarından olan vətəndaşlarla görüşüb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı vətəndaşları dinləyib.

Bir sıra vətəndaş müraciətləri yerindəcə öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.

Qeyd edək ki, nazirin birinci müavini Əli Abdullayev isə Qax və Şəkidə vətəndaşları qəbul edib.