Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə keçirilən seçkilər başa çatıb.

XALQ.AZ xəbər verir ki, akademiklər Yaqub Mahmudov, İsa Həbibbəyli, Urxan Ələkbərov, Nailə Vəlixanlı, Telman Əliyev, Adil Qəribov akademik Ramiz Mehdiyevin Azərbaycan elminə böyük töhfə verdiyini vurğulayıblar və akademik Akif Əlizadənin təklifini dəstəkləyiblər.

Akademikləri və müxbir üzvlərinin iştirakı ilə keçirilən səsvermədə Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib.

Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib.

Qeyd edək ki, oktyabrın 23-də Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, akademik Akif Əlizadə ərizə yazaraq AMEA prezidenti vəzifəsindən istefa verib.

*** 

Akademik Akif Əlizadə iclasın gündəliyində AMEA-nın prezidenti seçkisinin olduğunu bildirib.

Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

*** 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçki keçirilir.

Səsvermədə AMEA-nın akademikləri və müxbir üzvləri iştirak edirlər.

Yığıncaqda AMEA-nın yeni prezidenti seçiləcək.

Yığıncaqda akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edirlər.

Qeyd edək ki, 85 yaşlı akademik Akif Əlizadə ərizə yazaraq AMEA prezidenti vəzifəsindən istefa verib. Onun ərizəsi qəbul edilib.

Orxan