“Ramiz Mehdiyev istefa verməlidir!” – Millət vəkilindən sərt sözlər…(MÜSAHİBƏ)

Elşən Musayev: “Aylardır pərdə arxasında yüz oyundan çıxanlar, öz aləmlərində eks-məmurlardan ibarət həlqə yaradanlar, dövlətə meydan oxumaq cəhdində bulunanlar bilsinlər ki, həmin dövlət onlara çox tezliklə və bütün sferalarda öz yerini göstərəcək”

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin XALQ.AZ-a müsahibəsi.

Elşən müəllim, bu günki suallarımız neçə müddətdir gündəmi zəbt edən qalmaqallı toyla bağlıdır. Hansı ki, səs-sədası hələ də səngimək bilmir. Nə baş verib və ya verməkdədir?

Baş verən budur ki, ortada çox ciddi qanun pozuntusu və məsuliyyət yaradan hallar var və məlum hallar həm ictimai-siyasi sferada, həm də cəmiyyətdə çox ciddi ajiotaj, qıcıq, təəssüf hissi yaradıb. Uzun illər yüksək vəzifələr tutan Ramiz Mehdiyevin, onun ailəsinin məhz belə bir dönəmdə, pandemiya ilə mübarizə şəraitində atdığı saymazyana addım, elədiyi məsuliyyətsizlik, hüquqa-qanuna zidd hərəkət heç şübhəsiz ki, normal qarşılana bilməzdi. Qarşılanmadı da.

Hadisə ilə bağlı ilk təəsüratınız necə oldu?

Əvvəlcə sosial şəbəkələrə baxdığım zaman bəzi kadrlara inanmağım gəlmədi. Daha doğrusu inanmaq istəmədim ki, həqiqətən belə şey baş verə bilər. Amma sonucda məlum oldu ki, nəinki mənim inanmadığım baş verib, hətta mənim ağlıma gəlməyən şeylər belə hadisə predmeti olub. Daha dəqiqi: mən toy eşitmişdim, məhkəmədə isə DİN əməkdaşları öz ifadələri zamanı dedilər ki, demə atəşfəşanlıq-filan da nəzərdə tutulubmuş, amma qarşısı alınıb. Niyə? Səbəb? Dövlətə meydanmı oxuyursunuz? Özünüzü əlahiddə şəxsmi hesab edirsiniz? Sizin üçün ayrı qanunlarmı var? Xeyr! Alternativ qanun yoxdur! Qanun bir dənədir. Kasıb üçün də, varlı üçün də!

Bəs belə olan halda Ramiz Mehdiyev və şəcərəsi niyə düşünüb ki, hamıya toy eləmək olmaz, amma onlara olar?

Nə digər vəzifəlilərin, nə də Ramiz Mehdiyevin heç bir xüsusi imtiyazı-filan yoxdur. Ola da bilməz. Qanun hər kəs üçündür. Ramiz Mehdiyev məhz bu nüansı anlamadığına, dərk etmədiyinə görə vəziyyət indiki etapa qədər irəliləyib, məsələ “şişib”.

Az qala 50 il yüksək dövlət vəzifələrində çalışan biri üçün həmin nüansı görmək çoxmu çətin olub?

Demək ki, çətin olub. Ya görməyib. Ya özünü görməməzliyə vurub. Ya da sadəcə görmək istəməyib. Amma fakt budur ki, ortada çox ciddi qanun pozuntusu var və həmin pozuntuya görə Ramiz Mehdiyev birbaşa məsuliyyət daşıyır. Həm mənəvi, həm hüquqi məsuliyyət.

O zaman niyə proses kürəkən və qudanın həbsi, bir də Siyavuş Novruzovun töhmət alması ilə yükunlaşdı?

Kim deyir, yekunlaşdı? Mən düşünmürəm, yekunlaşıb. Tam əksi, hətta o qənaətdəyəm ki, proses hələ indi başlayır. O toyda iştirak edən hamının günah və məsuliyyət payı var. Hətta musiqiçilərin də. Oraya təşrif buyuran hər kəs qanunu pozub. Bu səbəbdən, inzibati formada da olsa cəzalarını almalıdırlar.

Ramiz Mehdiyev bu hadisədən sonra istefa verəcəkmi?

Məntiqlə verməlidir.

Siyavuş Novruzovla bağlı gözlənti nədir bəs?

Gözləntinin nə olması haqda konkret fikrim yoxdur. Amma onu deyə bilərəm ki, Siyavuş Novruzovun həmin toyda iştirakı çox böyük yanlışlıq olub. Yanlışlıq və eyni zamanda böyük məsuliyyət yaradan qanun pozuntusu. Getməməliydi buna, Siyavuş müəllim. Üstəlik, onu toya çağıran adama da ağsaqqal və ya qeyri-ağsaqqal prizmasından baxmamalı idi. Çünki qanun pozanın, cinayət törədənin balacası, böyüyü, cavanı, ağsaqqalı olmur. Ramiz Mehdiyev öz toy təşkilatçılığı və qanunsuz əməli ilə böyük səhv edib. Səhv edən birinin yanında durmaq, dayanmaq, oturmaq, qərarlaşmaq isə qəbahətdir, həmin səhvə şərik olmaqdır.

Əli Hüseynli öz müsahibəsində deyib ki, Siyavuş Novruzovun məsələsinə İntizam Komissiyasında baxıla bilər…

Əli Hüseynli müdrik və nə dediyini bilən adamdır. Demək ki, belə bir ehtimal var. Baxılsa, biz də mövqeyimizi və fikrimizi deyəcəyik.

Sizcə sırf bu məsələyə görə Milli Məclisin iclası çağırıla bilərmi?

Nəsə deyə bilmərəm. Məlumatım yoxdur.

Abel Məhərrəmovun məlum qalmaqallı toyda söylədiyi “tost” da ciddi müzakirə mövzusu və “dillər əzbəri”dir. Bu haqda da fikirlərinizi almaq istərdim.

Abel Məhərrəmov kimə nə tost deyir, kimi necə tərifləyir, mədh edir, özü bilər. Amma bu adam bir şeyi unutmasın: Azərbaycanın bütün uğurlarına faktiki rəhbərliyi Ulu Öndər və İlham Əliyev edib.

Elşən müəllim, toydan yayılan video-kadrlar çox kiçikdir və orada məhdud sayda insan görünür. Amma deyilənə görə məclisdə digər məşhur adlar və məmurlar da iştirak edib. Bu haqda səhih məlumatınız varmı?

Məlumatım yoxdur, amma ehtimallarım var. Ehtimal şəklində isə hansısa fikri bölüşmək istəmirəm. Fəqət, çox arzulayıram ki, həmin adamların adları tezliklə müəyyən olunsun və ortalığa çıxarılsın.

Cəzalandırılmalarını da arzulayırsınızmı?

Ürəkdən arzulayıram. Çünki, məmur, deputat, digər vəzifəli şəxs cəmiyyət üçün örnək, nümunə olası kateqoriyadır və ilk öncə, hamıdan əvvəl də onların boynunun borcudur ki, qanuna tabe olsunlar. Eyni zamanda mənim şəxsi düşüncəm ondan ibarətdir ki, karantin qaydalarının kobud şəkildə pozulması zamanı məmura və böyük status sahiblərinə sadə vətəndaşdan daha ağır cəza verilməlidir. Vəzifələri, səlahiyyətləri böyükdür, qoy qanun pozduqları zaman cəzaları da böyük olsun. Elə hamının maraqla izlədiyi dünənki məhkəmə prosesində də nə yaxşı ki, belə oldu. Sevindim məlum qərara. Alqışlayıram hakimi. Ən ağır sanksiya və cəza məhz qanunu pozan məmura yönəlməlidir. Aylardır pərdə arxasında yüz oyundan çıxanlar, öz aləmlərində eks-məmurlardan ibarət həlqə yaradanlar, dövlətə meydan oxumaq cəhdində bulunanlar isə bilsinlər ki, həmin dövlət onlara çox tezliklə və bütün sferalarda öz yerini göstərəcək. Hətta artıq göstərir belə.