“Ramiz Mehdiyevin getdiyi yol xəyanət yoludur!” – Elşən Musayevdən növbəti kəskin yazı…

Madam ki, qalmaqallı toy və Ramiz Mehdiyevin anti-hüquqi hərəkətləri ilə bağlı mövqe bildirməyə ürək, cəsarət etməyənlərin sayı hələ də yetərincədir, o zaman həmin nala-mıxa vuranların da əvəzinə biz danışaq, sözümüzü deyək və durdugumuz, qərarlaşdığımız yeri bəlli edək!

Ramiz Mehdiyev həmin toyu qəsdən təşkil edib. Qanunları nümayişkəranə şəkildə pozub. Mənasız və dikbaş dirəniş göstərib. Öz aləmində demarş siyasəti yürüdüb. Və bu, onun ilk addımı deyil. Mehdiyev yüksək vəzifədən getdiyi ilk gündən etibarən hətərəm-pətərəm açıqlamalar verir, müsahibələrində atmacalar atır, hansısa planın ssenarisini cızır, eks-məmurlardan ibarət müdafiə və hücum həlqəsi yaradır, yerində sakit dayanmır. Toy isə son dayanacaqdır. Daha dəqiqi, mən belə ehtimal edirəm ki, son dayanacaqdır. Çünki həm dövlətin güzəşt limiti bitib, həm də qanunun və hüququn səbr kasası daşıb. Yetər artıq. Bu qədəri bəsdir. İfşa olunmalıdır, Ramiz Mehdiyev. Getməlidir işdən və vəzifədən. Getməlidir, siyasi arenadan. Getməlidir, bu millətin və dövlətin həyatından. Getməlidir, vəssalam.

Sandıq tərsinə fırladılmalı, Ramiz Mehdiyevin bütün əməlləri açılıb tökülməlidir. Dövlət bu adama nə yaşına, nə başına, nə də Siyavuş Novruzovun təbirincə desək “ağsaqqallığına” görə güzəşt etməməlidir. Nəyə layiqdirsə, o cavabı almalıdır. Günahı, məsuliyyəti varsa cəzalanmalıdır. Tapdalamaq istədiyi qanunlar ona hökm etməlidir. Altda, daldada, separat formada qurduğu planlar üzə çıxarılmalı, bağlı olduğu ilmələr araşdırılmalı, adamın əsl siması və riyakar personajı cəmiyyətə açıq formada təqdim olunmalıdır.

Ramiz Mehdiyev artıq Milli Elmlər Akademiyasına rəhbərlik etmək haqqını itirib. O, bu vəzifədən təcili istefa verməlidir. Verməsə, ictimai qınaq onu bu addıma sövq etməlidir. Siyasi xəyanət yolunu tutan, qanun pozan, hüquq tapdalayan, dövlətə meydan oxumağa cəhd edən adam o böyüklükdə ziyalı ocağına rəhbərlik edə bilməz!

Ramiz Mehdiyevin toyunda, məclisində, ətrafında cəmlənənlər, onun törətdiyi qanun pozuntularına, cinayətlərə şərik çıxanlar ya açıq formada desinlər ki, biz bunu şüurlu formada eləmişik, mövqeyimiz budur, ya da səhvlərindən dolayı üzr istəsinlər. Alternativ variant yoxdur. Niyə? Çünki, artıq Ramiz Mehdiyevin getdiyi yol dövlət yolu deyil. Dövlətin yanında olanlar Ramiz Mehdiyevin kölgəsinin belə onlara toxunmasına razı olmamalıdırlar, rəvac verməməlidirlər. İlham Əliyevi və dövlətçilik fəlsəfəsini dərindən dərk edənlər Mehdiyev aşiqi ola bilməz! Azərbaycanın bu gününə və gələcəyinə hörmət edən adam Mehdiyevin oyunlarına alət olmaz, Mehdiyevin əlaltısına çevrilməz, Mehdiyevin “krişa”lığını qəbul etməz, Mehdiyevin şərəfinə mənasız mədhiyyələr, tostlar, sağlıqlar söyləməz!

Dövlət Ramiz Mehdiyev və onun klanının zərərsizləşdirilməsi istiqamətində təcili, ciddi və təxirəsalınmaz addımlar atmalıdır. Proses kürəkən və qudanın cəzalandırılması ilə yekunlaşmamalı, Mehdiyevin qurduğu böyük miqyaslı oyun ssenarisindəki bütün üzvlər, iştirakçılar, dəstəkçilər aşkara çıxarılmalı, nəzarətə götürülməlidir.

Ramiz Mehdiyevin yanında olanlar bizdən deyillər. Biz İlham Əliyevin və dövlətin yanındayıq.

İlham Əliyevin adını çəkmədən sadəcə Prezidentin yanında olduqlarını deyənlər isə bir zəhmət, dəqiqləşdirsinlər, söhbət dövlətinmi Prezidentindən gedir, yoxsa Akademiyanınmı?!