Rayondan gəlib geri qaytarılan maşınların sayı 2000-i keçdi

Məlum olduğu kimi, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində martın 19-dan 29-dək rayon qeydiyyatı olan avtomobillər və şəxslərin Bakıya girişinə qadağa qoyulub.

Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında paytaxta girişinə qadağa tətbiq edilərək geri qaytarılan avtomobillərin statistikasını açıqlayıb.

Martın 19-u saat 20 radələrindən martın 20-si saat 08 radələrinədək olan müddətdə 976 avtomobilin şəhərə girişinə qadağa qoyulub. Onlardan 615-i Qaradağ postundan, 263-ü Şamaxı yolundan, 98-i Quba yolunda müvafiq postlarda yoxlanılaraq geri qaytarılıb. 43 avtomobil isə Tağıyev qəsəbəsindən keçərək başqa rayona getdiyi üçün istiqaməti dəyişdirilib.

K. Əliyev bildirib ki, qadağanın icrasına başlanılandan bəri ümumilikdə, 2000-dən çox avtomobilin Bakıya girişinə qadağa qoyularaq geri qaytarılıb.