Rayonlara gediş-gəliş və “mall”ların fəaliyyəti bərpa edilir? – AÇIQLAMA

Artıq Azərbaycanda karantin rejimi ilə bağlı müxtəlif yumşaldılmalar aparılıb.

XALQ.AZ xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən SMS icazə ləğv edilib. Kafe və restoranların fəaliyyəti müəyyən məhdudiyyətlər saxlanılmaqla bərpa olunub.

Buna baxmayaraq, bir çox qadağalar hələ də qalmaqdadır. Regionlara gediş-gəliş, iri ticarət mərkəzləri və “mall”ların fəaliyyətinə hələ də icazə verilmir.

Son zamanlar sosial şəbəkələr və bəzi KİV-də sentyabr ayının 1-dən etibarən regionlara gediş-gəlişin bərpa ediləcəyi və böyük ticarət mərkəzlərinin açılacağı ilə bağlı xəbərlər yer almaqdadır.

TƏBİB-in sözçüsü Rəvanə Əliyeva açıqlamasında bildirib ki, qərar Nazirlər Kabinetindən asılıdır. Regionlara gediş-gəlişin bərpa edilməsi və böyük ticarət mərkəzlərinin açılması ilə bağlı rəsmi qərar olarsa, bu qərar təşkil ediləcək brifinqdə səsləndiriləcək.

Qeyd edək ki, bu həftə ərzində Operativ Qərargahın növbəti brifinqinin keçirilməsi istisna edilmir.