“Rayonlarda bilik günü”-2

Mingəçevir məktəblərində 2018-2019-cu tədris ilinin ilk zəngi çalındı.

Daha bir tədris ili başlandı. Sentyabrın 15-də ölkəmizin bütün tədris ocaqlarında olduğu kimi, Mingəçevir məktəblərində də 2018-2019-cu tədris ilinin ilk zəngi çalındı. Texniki humanitar liseydə keçirilən mərasimdə iştirak edən müəllim və valideynlərin, qonaqların sevinci heç də birincilərinkindən az deyildi. Yeni dərs ili münasibətilə məktəbin həyətinə toplaşanları təbrik edən liseyin direktoru Nailə Məmmədova ötən tədris ilinin uğurlarından danışaraq dedi ki, məktəblilərin fənn olimpiadalarında, bilik və idman yarışlarında, ədəbi-bədii tədbirlərdə müvəffəqiyyətləri hər zaman fərəhimizi artırmışdır. Məzunlarımızın yüksək nəticələrlə ali təhsil ocaqlarına qəbul olunması bizi sevindirir. Bu il 155 nəfər birinci sinif şagirdi 5 sinifdə təhsilə başlayır. Onları və valideynlərini ürəkdən təbrik edir, inanıram ki, bu tədris ili də liseyimiz üçün uğurlu olacaq.
Tədbirdə çıxış edənlər Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, I müavin İlham İsmayılov ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Dedi ki, son 15 ildə Azərbaycanda 3 minə yaxın orta məktəb tikilmiş və ya əsaslı təmir edilmişdir. Yeni və müasir tipli məktəblərdə şagirdlərin  ən yüksək potensiala nail olmaları üçün geniş imkanlar yaradılmışdır. Bu gün ölkəmizin ən ucqar kəndlərində belə müasir tipli məktəblər inşa olunur. Bütün bunlar təbii ki, ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ötən tədris ilinin nəticələri göstərdi ki, Azərbaycan təhsili günbəgün inkişaf edir. Bu baxımdan Mingəçevir təhsilinin uğurları da ürəkaçandır. Statistik müqayisələr apararkən görürük ki, həm keyfiyyət, həm də kəmiyyət cəhətdən təhsilimizin uğurları artır. Ali məktəblərə qəbul prosesində də şəhərimizin təhsil ocaqlarının uğurlarının artdığını görürük. Texniki humanitar lisey şəhərimizin məktəbləri sırasında nailiyyətləri ilə həmişə öndə olub. Mən şəhər İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi adından yeni dərs ilinin başlanması münasibətilə müəllimləri, valideynləri və şagirdləri, xüsusilə birinciləri ürəkdən təbrik edir, onlara uğurlar arzulayıram.
Tədbirdə birincilərin təqdim etdiyi kompozisiyalar alqışlarla qarşılandı. İlk zəng çalındıqdan sonra birincilər sinif otaqlarına daxil oldular.

 

****

15 sentyabr – Bilik günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Laçın rayonunun 5 nömrəli tam orta məktəbində olmuşdur.

15 sentyabr – Bilik Günü  ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin və Rayon  Təhsil  Şöbəsinin əməkdaşları rayonun  ümumtəhsil məktəblərində  olmuş, şagirdlər, valideynlər və  müəllimlərlə görüşmüş, yeni dərs ilinin başlanması münasibəti ilə onları təbrik etmişlər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  yeni dərs ilinin ilk günündə Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən Laçın rayonunun 5 nömrəli tam orta məktəbində  olmuş,  məktəb kollektivini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Müstəqilliyimizin ilk illərindən təhsilə olan dövlət qayğısının Ulu Öndər Heydər Əliyev tərəfindən əsasının qoyulduğunu bildirən rayon rəhbəri, bu işin dövlət başçımız cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini,  məhz bunun nəticəsində ölkə gənclərinin dünyanın ən nüfuzlu universitetlərində təhsil almalarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Eyni zamanda bildirilmişdir ki, 2017-2018-cı dərs ilində 11-ci sinfi bitirən 939 nəfər məzundan  744 nəfəri ali məktəblərə qəbul olunmaq üçün keçirilmiş imtahanlarda iştirak etmiş, onlardan 472 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Məzunların 50 faizi, imtahanlarda iştirak edənlərin 63 faizi tələbə adını qazanmışdır. 92 nəfər  500-dən o, cümlədən 29 nəfər 600- dən  çox bal toplamışdır. Bu da ötən ildəki ilə müqayisədə 500-dən çox bal toplayanlardan 38 nəfər, o cümlədən 600 – dən  çox bal toplayanlardan 11 nəfər çox olmuşdur. Eyni zamanda, 2018-ci ildə orta ixtisas təhsili müəssisələrinə 61 nəfər qəbul olmuş, bu da keçən ilki nəticədən 19 nəfər çoxdur. Ümumilikdə ötən illərin məzunları ilə birlikdə rayon üzrə ali təhsil müəssisələrində 549 nəfər, orta ixtisas təhsili müəssisələrində 77 nəfər tələbə adını qazanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli xüsusi ilə vurğulamışdır ki, qaçqınları və məcburi köçkünləri daima diqqət mərkəzində saxlayan möhtərəm cənab Prezidentimiz İlham Əliyevin “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” 16 fevral 2018-ci il tarixli sərəncamı ilə rayonun Ağbulaq obasında 56 şagird yerlik modul tipli tam orta, Sonasar obasında  40 şagird yerlik, Katos obasında 40 şagird yerlik modul tipli ümumi orta məktəblərinin quraşdırılması nəzərdə tutulmuşdur. Ötən tədris ilində Çıraqlı kənd tam orta məktəbi üçün yeni bina tikilmiş, məktəblərdə əsaslı və cari təmir işləri aparılmışdır. Tərtər rayonu ərazisində məskunlaşmış məcburi köçkünlər Tərtər rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış Şıxarx qəsəbəsinə köçürüldükdən sonra Tərtər rayon Yenikənd kəndində yerləşən Laçın rayonunun Çaylı kənd ümumi orta, Tərtər rayon Eloğlu kəndində yerləşən Laçın rayonunun Qorçu kənd ümumi orta və Tərtər rayon Nərmaniya kəndində yerləşən Laçın rayonunun Nərmaniya kənd ümumi orta məktəbləri də həmin qəsəbədə yeni tikilmiş məktəb binasınin I korpusuna köçürülmüşdür.
Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov məlumat vermişdir ki, 2018 – 2019-cu dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alacaq şagirdlərin  ümumi sayı 12053   nəfərdir ki, bunlardan da 1404    nəfəri birinci sinfə daxil olanlardır.
Laçın rayonunun 5 nömrəli tam orta məktəbinin direktoru Əlipolad Əzizov, məktəb kollektivi yeni dərs ilinin ilk günündə onlarla görüşə gəldiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

****

Qazax şəhər 1 saylı tam orta məktəbdə “Bilik Günü” qeyd olunub

Respublika Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli 114 saylı fərmanı ilə 15 sentyabr Azərbaycanın bütün təhsil müəssisələrində “Bilik Günü” kimi qeyd olunur. 2018-2019-cu tədris ilində “Bilik Günü”nün qeyd olunması və ilk dərs günləri haqqında haqqında Azərbaycan Respublikası təhsil nazirinin 30 avqust 2018-ci il tarixli, F-581 nömrəli əmrinə əsasən respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Bilik Günü” yüksək səviyyədə qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aparatın məsul işçiləri ilə birlikdə məktəbliləri təbrik etmək üçün öncə şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəbdə təşkil olunmuş “Bilik Günü”ndə iştirak edib.
Rayon rəhbəri əvvəlcə məktəbin foyesində şagirdlərin idman sahəsində qazandığı nailiyyətlərlə tanış olub, əldə olunan uğurları yüksək qiymətləndirib və davamlı olmasını bildirib.
Dövlət Himni səsləndikdən sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Afət Yunusova “Bilik Günü”nü açıq elan edərək bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.
Məktəbin direktoru Bəsti Ələkbərova çıxış edərək rayon rəhbərini, tədbirdə iştirak edən qonaqları, bütün müəllimləri, şagirdləri, valideynləri salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Rayon rəhbərliyinin bu gün onları təbrikə gəlməsini istər müəllimlər, istər şagirdlər üçün əsl bayram töhfəsi olduğunu bildirib və rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. İcra başçısının təhsil sahəsinə olan qayğısından, uşaqlara olan sonsuz sevgisindən söz açaraq onlara göstərilən etimadı bundan sonra da yüksək səviyyədə doğruldacaqlarını qeyd edib. Bu il məktəbdə 61 nəfər şagirdin birinci, 58 nəfər şagirdin isə onbirinci sinfə gedəcəyini bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 15 sentyabr “Bilik Günü” münasibətilə müəllim və şagirdləri, valideynləri səmimi qəlbdən təbrik edib, Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən yüksək qayğıdan danışıb. Qeyd edib ki, ölkə başçısının göstərişinə əsasən respublikamızın bütün bölgələrində yeni məktəb binaları tikilir, müəllim və şagirdlərin təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Bu gün ali məktəblərə qəbul zamanı istər şəhər, istərsə də kənd məktəblərindən olan məzunların yüksək bilik nümayiş etdirməsi bu diqqət və qayğının əyani şəkildə göstəricisidir.
Rayon rəhbəri bildirib ki, bu gün rayonumuzda birincilər sırasında olan məktəblərdən biri də şəhər 1 saylı tam orta məktəbdir. Məktəb həmişə məzunlarının yüksək göstəriciləri ilə seçilib. Builki qəbul imtahanlarında XI sinfi bitirmiş 47 məzundan 31 nəfərinin ali məktəbə qəbul olması bir daha onu sübut etdi ki, 1 saylı məktəb bundan sonra da yüksək nailiyyətləri ilə rayon təhsilinə öz töhfəsini verəcəkdir.
Bu il məktəbə ilk qədəmlərini atan 61 nəfər birincini təbrik edən rayon rəhbəri ən xoş arzuların çatdırıb, gələcəkdə məzun olub təhsil aldıqları məktəbin adını uca tutmalarını arzulayıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edərək onlara gələcək dərslərində uğurlar arzulayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində bütün bölgələrimizdə çoxsaylı məktəblərin tikilərək istifadəyə verilməsini, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini təhsilə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, rayonumuzda əsaslı şəkildə tikinti işləri aparılan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə görülən işlər bu layihənin uğurla davam etdirilməsi deməkdir.
Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı müəllim və şagirdləri təbrik edərək təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, istər müəllimlərə, istər şagirdlərə olan sonsuz dəyərə görə icra başçısına rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını çatdırıb.
Sonra bayram əhval-ruhiyyəli tədbirdə söz birincilərə verilib. Məktəblilər Vətənə, torpağa, anaya, orduya, dövlət atributlarımız olan bayrağa, himnimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda məktəbliləri bir daha təbrik edib, xoş arzularını çatdırıb və birincilərlə xatirə şəkli çəkdirib.

****

Naftalan şəhərində “Bilik Günü” qeyd edildi

15 sentyabr 2018-ci il tarixdə şəhərin tam orta məktəblərində Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəb direktorları müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər. Sonra Təhsil Şöbəsinin müdir əvəzi  Rəna Dəmirova və Şəhər İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək qazandıqları nailiyyətlərə görə və qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıblar.
Naftalan şəhəri üzrə  yeni tədris ilində I sinifə  qəbul olan uşaqların sayı 152-olub.

****

Qəbələ rayonunda “Bilik günü” qeyd olunmuşdur.

Yeni dərs ilinin başlaması ilə əlaqədar rayonun 68 ümumtəhsil məktəblərində “Bilik günü” qeyd olunmuşdur. Toplantıda çıxış edənlər əlamətdar hadisə münasibətilə ictimaiyyət nümayəndələrinə öz təbriklərini çatdırmiş, ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan söz açmışlar. Bayram şənliklərində son illər sürətli inkişaf yoluna qədəm qoyan Qəbələ rayonunda təhsil sahəsinə göstərilən qayğının əyani təzahürü olaraq 32 yeni məktəb binasının inşa edildiyi, 8 məktəbin  əsaslı təmir olunduğu, istifadəyə verilmiş məktəblərin hər birində müasir texniki avadanlıqlar quraşdırıldığı, kitabxanalar, idman zalları, fənn kabinələri, labaratoriyalar yaradıldığı, müasir kompüter dəstlərinin şagird və müəllimlərin ixtiyarına verildiyi səslənmişdir.
Bildirilmişdir ki, təhsil müəssisələrinin inkişafına göstərilən diqqətin davamlı xarakter alması nəticəsində yeni dərs mövsümü üçün rayonun  Laza kəndində 80 yerlik ümumi orta,   Zərgərli kəndində isə 56 yerlik ibtidai məktəb üçün modul tipli yeni məktəb binaları tikilmiş, Bum qəsəbə tam orta, Zarağan kənd 1 saylı tam orta və Məmmədağalı kənd  tam orta məktəblərinin  dam örtükləri  dəyişdirilmişdir. Qeyd olunmuşdur ki, Vəndam qəsəbə 2 saylı tam orta məktəbi üçün yaxın günlərdə 380 yerlik yeni məktəb  binasının tikintisinə, Qaradeyin kəndində 80 yerlik tam orta və Şəfili kəndində isə 20 yerlik modul tipli ibtidai məktəblərin quraşdırılmasına  başlanılacaqdır. Tədbirdə çıxış edən müəllim, şagird və valideyinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

****

Tərtər məktəblərində “Bilik-günü” qeyd olundu

Sentyabrın 15-də Tərtər rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirildi.

Rayon icra hakimiyyətinin başçısı və onun nümayəndələri, idarə, müəssisə rəhbərləri, Qarabağ müharibəsi veteranları ümumtəhsil məktəblərində, o cümlədən Şıxarx qəsəbəsi ərazisində  1176 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış kompleksində fəaliyyət göstərən 1200 yerlik tam orta məktəbdə yerləşən Ağdam, Laçın və Kəlbəcər məktəblərində də oldular.

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Bilik günü” münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar dilədi. Bildirdi ki, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən milli təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət tərəfindən, Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur.

Qeyd olundu ki, bu bu il ali təhsil ocaqlarına sənəd verən 363 nəfərdən 226 nəfəri ali (onlardan 193 nəfəri bu ilki, 33 nəfər isə əvvəlki illərin məzunlarıdır), 108 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Onlardan 10 nəfəri 600-dən yuxarı, 19 nəfəri 500-dən yuxarı bal toplayıbdır. 600-dən yuxarı bal toplayan 10 nəfərin 4 nəfəri şəhər 2 saylı, 2 nəfəri şəhər 1 saylı, 1 nəfəri şəhər 6 saylı, 1 nəfəri Bəyimsarov,  1 nəfəri Dəmirçilər, 1 nəfəri isə Seydimli kənd tam orta məktəbin məzunlarıdır.  Ali məktəblərə qəbul zamanı şəhər 1 saylı (31 nəfər), şəhər 2 saylı (26 nəfər), Güləbatlı (10 nəfər), Qapanlı (8 nəfər), kənd tam orta məktəbləri fərqləniblər. 1 nəfər C.Naxçıvaniski adına  hərbi liseyə daxil olmuşdur.

.  Bu il isə 930 nəfər birinci sinfə qəbul edilmiş, 672 nəfər isə XI sinifdə təhsil alacaq. İnanırıq ki, bu il təhsildə qazanacağımız uğurlar ötən ildəkindən yüksək olacaq.

Məktəblərdə keçirilən “Bilik gününə” həsr olunmuş tədbirlərdə birincilər vətənə, anaya, məktəbə və şəhidlərimizə həsr olunan şeirlər söylədilər. Çıxış edən müəllim və valdeyinlər şagirdlərin sevincinə qoşuldular, onları təbrik edib, təhsildə uğurlar arzuladılar.

Sonra çalınan zəng uşaqları sinif otaqlarına səslədi. Əllərində gül-çiçək dəstələri tutmuş şagirdlər siniflərə daxil oldular.

“Bilik günü” müəllim və şagirdlər üçün yaddaqalan oldu.

****

Yeni tədris ili başlandı

Zəngilan rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri aylardır hazırlıq gördükləri, yüksək səviyyədə təşkil olunan 15 sentyabr- “Bilik Günü”nü bayram əhval-ruhiyyəsi ilə qeyd etdilər.
Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan rayon 33 nömrəli tam orta məktəbdə pedaqoji kollektivi, şagirdləri təbrik etmək üçün keçirilən bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov iştirak etdi.
“Bilik günü”nə Dövlət himninin səsləndirilməsi ilə başlandı. Məktəbin direktoru Səadət Səfquliyeva çıxışına təbriklə başlayaraq, yeni dərs ilinə hazırlıq, təhsil islahatları ilə əlaqədar pedaqoji kollektivin qarşısında duran mühüm vəzifələr barədə danışdı.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək rayonun təhsil işçilərini, valideynləri və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Respublikamızda, o cümlədən rayon məktəblərində əlverişli təlim mühitinin yaradılmasından, təhsilin inkişafı istiqamətində Prezident İlham Əliyevin gördüyü ardıcıl tədbirlərdən, Heydər Əliyev Fondunun xidmətlərindən bəhs etdi. Ötən tədris ilinin Zəngilan rayon təhsili üçün uğurlu il olduğunu, ali məktəblərə qəbul imtahanlarında rayon məzunlarından 23 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyini bildirdi və bütün bu uğurların, nəaliyyətlərin əsasında təhsilin, elmin inkişafına göstərilən dövlət qayğısının dayandığını  vurğuladı.
Tədbirdən sonra Rayon İcra Hakimiyyətinin başçısı məktəbin sinif otaqlarına baxış keçirdi, məktəbdə yaradılmış şəraitlə tanış oldu.

****

Yevlaxda “Bilik günü” ilə əlaqədar tədbir keçirildi.

Bütün ölkə ərazisində olduğu kimi Yevlax  rayonunda da “Bilik Günü” geniş qeyd edilmişdir. Tədbirlərdə iştirak edən müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə etmişlər.

“Bilik günü” münasibətilə təşkil olunan tədbirlərdə Yevlax  Rayon İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının nümayəndələri,  Yevlax  Təhsil şöbəsinin rəhbərliyi, müəllim, şagird və valideynlər iştirak etmişlər. Keçirilən silsilə tədbirlər çərçivəsində 15 sentyabr 2018-cü il tarixdə yeni dərs ilinin başlanması və “Bilik günü” ilə əlaqədar şəhər  ərazisində yerləşən 5  nömrəli və 1 nömrəli  tam orta məktəblərdə təntənəli  tədbirlər  keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zərxanım Əhmədova  tədbir iştirakçılarını salamlayaraq Bilik günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Məktəbin nailliyyətləri haqqında geniş məlumat verdi.
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədr müavini Aparat rəhbəri Əli Quliyev çıxış edərək məktəbdə təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Əli Quliyev həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmış, ölkə prezidenti cənab İlham Əliyevin və Vitse Prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın məhs bu istiqamətdə gördüyü işləri, təhsilin keyfiyyətinin artıtılmasını  daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulamışdır.
Tədbirdə digər çıxış edən Yevlax şəhər Təhsil şöbəsinin müdiri Zərifə Məmmədova  əvvəlcə rayon təhsilinin uğurlarından danısdı. Sonra o,Azərbaycanda təhsil sisteminin inkişafına, eyni zamanda şagirdlərə göstərdikləri qayğıya, onların yüksək səviyyəli təhsillə əhatə olunması, həmçinin xoşbəxt gələcəyi sərf etdiyi əməyə görə dövlətimizin başçısı Prezident cənab İlham Əliyevə və birinci xanım,  Mehriban  Əliyevaya,  Yevlax  Rayon İcra Hakimiyyətinə, bu cür gözəl tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

****

Şuşa rayonunun bütün təhsil müəssisələrində “Bilik günü” qeyd edilmişdir

Şuşa rayonunun təhsil müəssisələrində 15 sentyabr – “Bilik günü” təntənə ilə qeyd edilmişdir.

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini – V.Fətəliyeva və Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev Şuşa şəhər 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdə iştirak etmişlər.

V. Fətəliyeva çıxış edərək məktəbin kollektivini yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə təbrik etmiş, onlara gələcək tədris illərində uğurlar arzulamış, ilk dəfə məktəbə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və layiqli vətəndaş olmalarını vurğulamışdır.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin, Birinci vitse – prezident Mehriban xanım Əliyevanın elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açılmışdır. Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır.

Tədbirlərdə bütün təhsil işçiləri ilk dərs günlərini Şuşada, doğma məktəblərində keçirmək arzularını bildirdilər.

 

 

****

“Bilik bayramı” yeni növrağını yaşayan Lahıcda yüksək səviyyədə qeyd olunub.

İsmayıllı rayonunun Lahıc qəsəbəsi bu gün yeni dövrünü yaşayır. Bir vaxtlar lahıclıların arzusunda olduqları məsələlər, sosial problemlər artıq öz həllini tapıb: qəsəbəyə yeni yol, qaz xətti çəkilib, yeni məktəb binası inşa olunub. Yeni məktəbə ilk qədəm qoyduqları andan lahıclı məktəblilərin onların çöhrəsindəki sevinc dolu hissləri görməmək mümkün deyildi. “Bilik günü”ndə ağsaqqal müəllim Əbülfəz Həşimov çıxış edərək məktəblilərə yeni dərs ilində uğurlar arzuladı. O, 400 yerlik yeni təhsil ocağının Prezident İlham Əliyevin Lahıc məktəblilərinə, pedaqoji kollektivə, sakinlərə böyük hədiyyəsi olduğunu vurğulayaraq, bunun dövlətimizin başçısının Azərbaycanın gələcəyinə, təhsilinə göstərdiyi diqqətin bir nümunəsi olduğunu bildirdi.Bilik bayramında çıxış edən məktəbin direktoru, Əməkdar müəllim Hikmət Haqverdiyev təhsilin müasir standartlar səviyyəsində təşkili üçün hər cür şəraiti olan yeni binanın açılışının Lahıc məktəbinin 100 illiyinin qeyd ediləcəyi 2018-ci ilə təsadüf etdiyini diqqətə çatdırdı. O, sinif otaqlarının qış aylarında artıq odunla deyil, istilik sistemi ilə qızdırılacağını bildirdi.“Yaradılan şərait – laboratoriya, fənn kabinetləri, kompüter otağı, müasir idman zalı qarşıya təhsildə yeni-yeni uğurlar qazanmaq vəzifəsini qoyur və kollektiv savadlı, yüksək intellektli, vətənpərvər nəslin yetişdirilməsinə cavabdehdir. Bu, dövlətimizin başçısının istəyi, qarşımıza qoyduğu vəzifədir”, – deyə məktəb direktoru vurğuladı.Bilik günündə çıxış edən dövlət qulluqu veteranı Valeh Salehov, həkim Sədrəddin İsgəndərov, qəsəbə icra nümayəndəsi Fikrət Haqverdiyev, Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev və başqaları çıxışlarında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 26-da tam orta məktəb üçün inşa edilən yeni binanın açılışında iştirak etmələrinin, habelə kəndin qazlaşdırılmasının, Dəmirçi-Lahıc avtomobil yolunun istifadəyə verilməsinin tarixi hadisə olduğunu diqqətə çatdırdılar. Qeyd olundu ki, Prezident İlham Əliyevin qəsəbəyə səfəri, açılış mərasimlərində iştirakı dövlətimizin başçısının nəinki şəhər və bölgələrin inkişafına diqqətinin, həm də hər bir azərbaycanlının Prezidenti olduğunun bariz nümunəsidir.Lahıclı məktəblilər onlara hədiyyə edilən yeni tədris ocağına görə dövlətimizin başçısına minnətdarlıq edib, yaxşı oxuyacaqlarına, Vətənə layiqli övlad kimi yetişəcəklərinə söz veriblər. Onlar “Bilik günü” mərasimində Azərbaycana həsr olunan şeirlər söyləyiblər.Məktəbdə yaradılan şərait, səliqə-sahman göz oxşayırdı. Bu tədris ocağında cari dərs ilində 220 şagird təhsil alacaq. Onlardan 15 nəfəri bu il ilk dəfə birinci sinfə qədəm qoyur. Təlim-tərbiyə işləri ilə 32 müəllim məşğul olacaq. Qeyd edək ki, Lahıc qəsəbəsində builki məzunlardan 9 nəfəri ali məktəblərə sənəd verib, onlardan 5-i arzusuna çatıb. İki nəfər isə orta ixtisas məktəbinə qəbul olub. Yeni məktəbin istifadəyə verilməsi bu nəticələrin daha da yaxşılaşmasına səbəb olacaq.

****

Alimpaşa Məmmədov məktəbliləri təbrik etdi – Şəmkirdə “Bilik Günü”

Şəmkir rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik Günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilib.

Məktəbliləri təbrik etmək üçün Cahangir Rüstəmov adına tam orta məktəbdə keçirilən bayram tədbirində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Şəmkir Rayon şöbəsinin rəisi Müşfiq Mürsəlov, Şəmkir Rayon Prokurorunun müavini Ramil Qurbanov, Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, məktəbin müəllim və şagird heyəti, valideyinlər iştirak ediblər.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək Bilik Günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.

Rayon İcra Hakimiyyətinin başçısı ötən tədris ilinin də Şəmkir rayonu üçün uğurlu olduğunu diqqətə çatdırıb, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yüksək nəticələr göstərdiyini vurğulayıb. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirib.

İcra başçısı təhsil sahəsində şahidi olduğumuz nailiyyətlərin dövlət başçısı İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğulayıb.

Sonra azyaşlılardan ibarət rəqs qrupunun ifasında rəngarəng musiqi nömrələri, məktəblilərin ifasında şeirlər dinlənilib.

 

Orxan