Regionda sülh, sabitlik və təhlükəsizliyə mühüm töhfə

Bu gün ölkəmizdə ulu öndər Heydər Əliyevin xarici siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən tarixi təcrübə, geosiyasi reallıqlar nəzərə alınaraq, çoxistiqamətli və tarazlaşdırılmış əsasda həyata keçirilir. Şübhəsiz ki, Azərbaycan xalqı daxili siyasətdə olduğu kimi, xarici siyasət sahəsində də dövlətimizin başçısının yürütdüyü bu xətti tam şəkildə dəstəkləyir. 

Azərbaycan uğurlu xarici siyasət fəaliyyətini erməni lobbi dairələri və onların havadarları tərəfindən respublikamıza qarşı yönəldilən dezinformasiya kampaniyalarına baxmayaraq, əzmlə davam etdirir. Məqsədyönlü işin nəticəsidir ki, bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarı olduqlarını bildirirlər. Münaqişənin həllinin hüquqi əsasları isə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, habelə digər sənədlərə, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir.
Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində imzalanan Birgə Bəyanatda da dövlət başçıları dost ölkələr olan Azərbaycan və Türkmənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını vurğulayıblar. Bu isə o deməkdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Aşqabadın dəyişməz və prinsipial mövqeyi var: İllərdir ki, davam edən Dağlıq Qarabağ problem ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllini tapmalıdır.

 

Zaur MİRZƏZADƏ