Rövşən Rzayev görüş keçirdi

Məcburi köçkünlərlə bağlı layihələrin davam etdiriləcəyi vurğulanıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Koreya Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-opla görüşüb.

Dövlət Komitəsinin sədri yeni təyinatı münasibəti ilə səfiri təbrik edib, ölkəmizdəki fəaliyyətində ona uğurlar arzulayıb.

XALQ.AZ xəbər verir  ki, görüşdə koreyalı diplomata Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mövcud vəziyyəti barədə ətraflı məlumat verilib. Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyi, silahlı birləşmələrini zəbt olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmaq barədə BMT-nin 4 qətnaməsini və digər beynəlxalq təşkilatların qərarlarını hələ də yerinə yetirmədiyi, 1 milyon 200 mindən çox soydaşımızın qaçqınlıq və köçkünlük məhrumiyyəti yaşadığı qeyd edilib.

Bildirilib ki, Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində də məqsədyönlü iş aparır. Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələr salınır. Eyni zamanda ölkə başçısı bu kateqoriyadan olan vətəndaşlarımızın maddi rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsini diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə xüsusi qayğı göstərir, onların yeni mənzillərə köçürülməsi üçün zəruri tədbirlər görür.

Dövlət Komitəsinin sədri Koreya Respublikası səfirliyinin, bu ölkənin humanitar təşkilatlarınin Azərbaycanda məcburi köçkünlər üçün həyata keçirdiyi layihələri məmnunluqla xatırlayıb və təşəkkürünü bildirib. Qeyd edilib ki, belə layihələr məcburi köçkünlər üçün təkcə maddi deyil, həm də böyük mənəvi dəstəkdir.

Koreya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Kim Tonq-op səmimi qəbula görə təşəkkürünü bildirib. İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməcəyini qeyd edib.

Məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin davam etdiriləcəyi vurğulanıb.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.