Rövşən Rzayev BMT-yə dinləmələr keçirməyi təklif edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri barədə dinləmələr keçirilməsini təklif edib.

XALQ.AZ xəbər verir ki, Rövşən Rzayev “BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanda məcburi köçkünlərə yardımı” mövzusunda keçirilən tədbirdə qətnamələrin icra mexanizminin yollarını axtarmağın zəruri olduğunu bildirib.

“Gərək BMT-nin Bakıdakı nümayəndəlikləri ilə bununla bağlı fikir mübadiləsi aparaq. Vaxtilə qəbul edilmiş həmin qətnamələrin icra vəziyyətinin hazırda nə yerdə olduğunu bilməliyik və yaxud icra mexanizmini hansı istiqamətdə tapa bilərik. İnanıram ki, biz bir daha müzakirə apara biləcəyik. BMT-nin baş katibi son çıxışında bildirib ki, dünyada 41 milyondan çox məcburi köçkün var. Biz həm də bir neçə dövlətin vəziyyətinə baxa bilərik və eyni zamanda Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti ilə bağlı fikir mübadiləsi apara bilərik. Birgə fəaliyyətimiz nəticəsində Azərbaycanda məcburi köçkünlərin vəziyyətini müvəqqəti yaxşılaşdırmaqdan ötrü işlər müvafiq işlər həyata keçirmək olar”, – o qeyd edib.

R.Rzayev vurğulayıb ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda bu gün qaçqın və məcburi köçkünlərin sayı kifayət qədərdir: “Təəssüf ki, Ermənistanın işğalçı siyasəti hələ də davam edir. Azərbaycan dövlətinin siyasəti nəticəsində məcburi köçkünlərin mənzil və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülür və bu iş davam etdirilir. Bu günə qədər Azərbaycan məcburi köçkünlərinə üçün 106 qəsəbə salınıb, 300 minə yaxın insan həmin qəsəbələrdə məskunlaşıb. Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün xeyli vəsait ayrılıb və qəsəbələr tikilir. Bu prosesdə Birinci vitse prezident Mehriban Əliyevanın da böyük əməyi var. Bu gün hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var”.