Rövşən Rzayev görüş keçirdi

Bakı Ali Neft Məktəbində təhsil alan və çalışan qaçqın və məcburi köçkünlərlə görüş keçirilib.

XALQ.AZ xəbər verir ki, görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ali Məktəbin və Komitənin məsul əməkdaşları, tələbələr və onların valideynləri iştirak edib.  

Tədbirdə çıxış edən Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri yaşanan tərəqqinin hər bir vətəndaşın həyatında öz əksini tapmasıdır. 

Rektor qeyd edib ki, MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan ilk yerlərdə gələn dövlətlərdən biri olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur. 

“Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətimizin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir. Bu gün Bakı Ali Neft Məktəbində təhsil alan, çalışan qaçqın və məcburi köçkünlərin timsalında deyə bilərəm ki,  cəmiyyətimizin həssas koteqoriyasına aid olan bu həmvətənilərimiz də onlara göstərilən etimadı layiqincə doğruldurlar. İşğal altındakı torpaqlarımızdan olan BANM tələbələri öz intellektual potensialı, nizam-intizamı, xüsusi qabiliyyətləri ilə fərqlənirlər. Onlar arasında ən yüksək – 700 bal toplayanlar, Prezident təqaüdçüləri, qabaqcıl layihə və proqram müəllifləri, beynəlxalq təqaüd proqramlarının qalibləri, xaricdə ən nüfuzlu təhsil ocaqlarında magistr təhsili alanlar, tanınmış yerli və transmilli şirkətlərdə aparıcı vəzifələrdə çalışanlar da var. Hazırda BANM-də 85 nəfər işğal altındakı şəhər və rayonlarımızdan olan tələbə təhsil alır. Onlardan ödənişli ixtisaslarda oxuyanlar təhsil haqqından azad olunublar, eyni zamanda, xüsusi imtiyazlardan da yararlanırlar”, – rektor əlavə edib. 

Sonra Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və hazırki səviyyəsi haqqında məlumat verib.  Bildirilib ki, münaqişə nəticəsində doğma yurd-yuvasını tərk etmiş insanlar ağır məhrumiyyətlərə məruz qalıb. Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və maddi rifah halının yüksəldilməsinin qayğısına qalır, bu istiqamətdə nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla yerinə yetirilir. 

Orxan