Rövşən Rzayev görüş keçirib

Oktyabrın 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsindən bildiriblər ki, görüşdə diplomata Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və mövcud vəziyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir, nəticədə 1 milyon 200 mindən çox azərbaycanlı ölkəmizdə hələ də qaçqın və köçkün vəziyyətində yaşayır.

Qonaqların diqqətinə çatdırılıb ki, respublikanın müxtəlif rayonlarında yaşayan məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində də məqsədyönlü iş aparır. Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələr salınır. Eyni zamanda, dövlətimizin başçısı bu kateqoriyadan olan vətəndaşlarımızın maddi rifahının yüksəldilməsini, məşğulluğunun təmin edilməsini diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə xüsusi qayğı göstərir, onların yeni mənzillərə köçürülməsi üçün zəruri tədbirlər görür.

Səmimi qəbula görə təşəkkürünü bildirən Toivo Klaar ötən il Azərbaycanda olduğunu və məcburi köçkün ailələrin vəziyyəti ilə yaxından maraqlandığını diqqətə çatdırıb. Avropalı diplomat, həmçinin məcburi köçkünlərlə bağlı fəaliyyətin artırılması üçün çalışacağını vurğulayıb. Toivo Klaar Aİ ilə Azərbaycan arasındakı əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirib. Qonaq bu əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.