Rövşən Rzayev israilli jurnalistlə görüşdü

Dekabrın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan israilli jurnalist Larri Luksner ilə görüşüb.

Komitədən verilən xəbərə görə, qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsindən öz doğma yurdundan didərgin düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi qaçqınlıq və köçkünlük problemi və onun həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Onların daimi yaşayış yerlərini təcavüzkar Ermənistanın uzun illərdir işğal altında saxladığı, həmin ərazilərdə xalqımıza məxsus maddi-mənəvi irsi talan etdiyi bildirilib.

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 26-27 il bundan əvvəl işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi dörd qətnamə hələ də yerinə yetirilməyib. Azərbaycanın ədalətli mövqeyi bir çox beynəlxalq təşkilatlar tərəfindən dəstəklənsə də, təəssüf ki, ümumilikdə dünya birliyi işğalçı dövlətə qarşı indiyədək heç bir təsirli tədbir görməyib. Münaqişənin dinc vasitələrlə tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun təklif və təşəbbüsləri isə Ermənistan hakimiyyətinin qeyri-konstruktivliyi nəticəsində səmərəsiz qalmaqdadır.

Dövlət Komitəsinin sədri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında və münaqişənin səbəbləri barədə obyektiv beynəlxalq ictimai rəyin formalaşmasında nüfuzlu jurnalistlərin və kütləvi informasiya vasitələrinin vacib rol oynadığını diqqətə çatdırıb.

Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin, əsasən, bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına yönəldiyi bildirilib. Qaçqınlar və məcburi köçkünlər üçün indiyədək 106 qəsəbənin salındığı, 300 mindən çox məcburi köçkünə yeni ev və mənzillərin verildiyi qeyd edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb. Həmçinin özəl sektorun da bu sahədə dövlət siyasətinə dəstək verdiyi, yeni yaşayış kompleksləri inşa etdiyi bildirilib.

Dövlət Komitəsinin sədri israilli jurnalistin suallarını cavablandırıb.

Larri Luksner qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasətinin təqdirəlayiq olduğunu da vurğulayıb.

Daha sonra israilli jurnalist Larri Luksner Yasamal rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksində və məktəbdə vəziyyətlə tanış olub, məcburi köçkünlərlə müsahibə xarakterli söhbət edib.

Orxan