Röyaya evlilik təklifi gəldi

roya

Ötən günlərdə Moskvanın “Kreml” sarayında “Mənəm” adlı konsert proqramı ilə çıxış edən müğənni Röya Ayxan vətənə gələr-gəlməz yeni xəbərlər verib.

Xalq.az-ın məlumatına görə, ifaçı bu gün yerli radiostansiyalardan birində qonaq qismində iştirak edib. Aparıcının suallarını cavablandıran Röya maraqlı açıqlamaları ilə yadda qalıb. Azərbaycanla yanaşı Rusiyada da həmyerlilərimiz tərəfindən sevilərək dinlənilən müğənni Moskvadan ona evlilik təklifinin gəldiyini bildirib. Bundan əlavə olaraq o bildirib ki, evlilik təklif edən şəxs bunun üçün Röyanı 4 il gözləyib:

“Moskvada konsert vaxtı maraqlı hadisələr oldu. Təccüblü olsa da evlilik təklifi almışam. Dörd il bundan əvvəl Moskvada konsert verəndə bir uşaq mənə gül verib, “səni sevirəm” demişdi, mən də cavab olaraq ona bildirdim ki, get, böyüyəndə gələrsən, evlənərik. Bu dəfə də konsertdə səhnəyə gənc bir oğlan çıxıb dedi ki, mən artıq böyümüşəm. Yenə də onunla evlənməyi təklif etdi”.

Qeyd edək ki, ifaçının Kreml konsertində iştirak edən qonaqlar bildiriblər ki, konsert anşlaqla keçib. Sevilən mahnılarını ard-arda ifa edən Röya tamaşaçılara maraqlı anlar yaşadıb. İfaçı bildirib ki, Bakıdakı konsertini tamamilə təkrarlayıb, sadəcə bir neçə mahnıda dəyişikliklər olub. Konsert zamanı Röya təşkilatçılardan Tural Əsədov və Samirə Zeynalovaya xüsusi minnətdarlığını bildirib.