Rüfət Quliyev Ukraynalı həmkarlarına məktub göndərdi – Foto

Deputat Rüfət Quliyev Ukraynalı həmkarlarına minnətdarlıq məktubu göndərmişdir.

XALQ.AZ xəbər verir ki,Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Ukrayna Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri deputat Rüfət Quliyev Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə Parlamentlərarası Əlaqələr üzrə deputat qrupunun həmsədrləri cənab Vladimir Kreydenko və cənab Vitali Kolyuxa Azərbaycan deputat qrupu adından məktub göndərərək, onlara və qrupun üzvü olan digər deputatlara 2020-ci ilin 12 iyul tarixində Azərbaycan Respublikasının Tovuz Rayonu istiqamətində Ermənistanın artilleriya atəşləri nəticəsində həlak olanların ailələrinə başsağlığı vermələri və Azərbaycanın haqlı mövqeyinə prinsipial və obyektiv reaksiya verdiklərinə görə dərin minnətdarlıq bildirmişdir.

Minnətdarlıq məktubunda Azərbaycan və Ukraynanın tarixi əlaqələrindən, hər iki ölkə müstəqillik əldə etdikdən sonra Azərbaycan və Ukraynanın siyasi və iqtisadi sahədə strateji partnyor olduqları vurğulanmış və qeyd edilmişdir ki, çoxsaylı beynəlxalq forumlarda bu iki ölkə həmişə bir-birinin tərəfini saxlamış və bu əlaqələr indi də yüksələn xəttlə davam edir.
Məktubda Ukraynanın Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pislədiyinə görə Ukraynanın Yerevan şəhərində yerləşən səfirliyinə qarşı törədilmiş vandalizm faktına da qiymət verilmişdir.


Ukraynanın Azərbaycana xüsusi rəğbəti və həmin ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının uğurlu işi də məktubda öz əksini tapmışdır.


Həmçinin deputat Rüfət Quliyev qeyd etmişdir ki, Azərbaycan faktiki olaraq müharibə şəraitində olsa da, yenə də sülhsevərlik prinsiplərinə sadiq qalır və işğal olunmuş ərazilərinin sülh yolu baş tutmasa, hərbi yolla azad etmək hüququnu özündə saxlayır.


Məktubun sonunda ukraynalı deputatlara bir daha təşəkkür edilmiş və əminliklə bildirilmişdir ki, Azərbaycan-Ukrayna əlaqələri bundan sonra daha da inkişaf edəcək və yeni çalarlar alacaq.