Rufiz Qonaqov səfir ilə görüşüb

XALQ.AZ xəbər verir ki, yanvarın 14-də Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İssabayev Oksikbay Ulu ilə görüşüb.

Qazaxıstan səfirliyindəki görüşdə Rufiz Qonaqov səfirə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi haqqında geniş məlumat verərək fəaliyyət istiqamətləri haqqında danışıb. Rufiz Qonaqov bildirib ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi 2006-cı ildən fəaliyyət göstərir və nəinki Cənubi Qafqazda gedən geosiyasi məsələləri tədqiq edir eyni zamanda türkdilli ölkələrin siyasi, xarici məsələlərini yaxından izləyir. “Azərbaycanla Qazaxıstan Respublikasının əlaqələri günü-gündən inkişaf edir”- deyə çıxışına davam edən Rufiz Qonaqov bildirib ki, ötən ilin avqustunda imzalanan Xəzər dənizi statusu ilə bağlı konvensiya Xəzəryanı ölkələri bir birilə əməkdaşlığa səsləyən bir konvensiya kimi yadda qaldı. Xəzəryanı ölkələr qrupuna daxil olan Qazaxıstan Respublikasının bu konvensiyanı imzalaması isə onun digər ölkələrlə eləcə də türkdilli ölkələrlə əməkdaşlığa açıq olduğunu vurğulayan bir addım oldu. Bu konvensiya ilə Xəzər sülh, sabitlik və əməkdaşlıq dənizi kimi Xəzəryanı ölkələrin ortaq əməkdaşlıq platformasına çevrildi.

Görüşdə geniş  əməkdaşlığın yaranması və davam etdirilməsi istiqamətində müzakirələr aparılıb. Səfir Beybit İssabayev bildirib ki, bundan sonra Qazaxıstan səfirliyi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi ilə sıx əməkdaşlıq edəcək və dostluq, qardaşlıq münasibətlərini davam etdirəcək.

 

Orxan


Comments are closed.