Rüfət Quliyev seçicilərlə görüşdü,şəhid atasını dinlədi-Fotolar

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev Lənkəran şəhərindəki “Qəbul otağı”nda seçicilərin növbəti qəbulunu keçirib.

Qəbulu giriş sözü ilə açan professor Rüfət Quliyev ilk növbədə ölkədəki ictimai- siyasi vəziyyət, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi və kadr islahatları, Qarabağda aparılan irimiqyaslı bərpa işləri, Orduya, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən hərsahəli qayğı barədə müfəssəl məlumat verdi.

Qəbula gələnlər arasında şəhid atası, şəhid övladı, ikinci Qarabağ müharibəsi qazisi və digər problemlərlə əlaqədar müraciət edənlər var idi. Qaldırılan məsələlərdən şəhid atasının kəndlərinə şəhid oğlunun adının verilməsi xahişi, şəhid övladının ailə-məişət problemi, Qarabağ qazisinin statusu ilə əlaqədar üzləşdiyi süründürməçilik faktı deputatın xüsusi diqqət mərkəzində oldu və deputat yaxın vàxtlarda onların mümkün həlli üçün bütün tədbirləri görəcəyini bildirdi, şəhid atasına zəruri məsləhətlər verdi. Qəbul iştirakçılarından Sütəmurdov kəndinin nümayəndəsi bildirdi ki, 10 minə qədər əhalisi olan kənddə bankomat yoxdur və xahiş etdi ki, “Kapital Bank”-ın kənd ərazisində bankomatı qoyulsun.Xahiş deputatın marağına səbəb oldu və Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu məsələnin həlli üçün bütün səylərini səfərbər edəcəyini vurğuladı. Digər qəbul iştiirakçısı imkansız qızının evinə qaz xətti çəkilməsi xahişi ilə müraciət etdi. Müraciətlər arasında bankla əlaqədar, iş tapmaqla bağlı problemlər də gündəmdə oldu. Bəzi məsələlər yerindəcə həll edildi. Həlli vaxt tələb edənlər isə aidiyyəti qurumlarla əlaqə saxlanılması məqsədilə nəzarətə götürüldü.

Görüş iştirakçılarının suallarını əhatəli cavablandıran deputat onları narahat edən məqamlara da aydınlıq gətirdi.

Görüş iştirakçıları sonda pandemiya şəraitındə də yaradılan normal yaşayış şəraitinə, ölkədəki hərsahəli sabitliyə görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.