Rusiya ombudsmanı Orxan Zeynalova qarşı zorakılığa etiraz etdi

45

 

“Bu hadisə ilə faktiki eyni vaxtda Azərbaycan və Özbəkistan vətəndaşı olan iki şəxs öldürülüb”

 

Moskva sakini Yeqor Şerbakovun qətlində şübhəli sayılan Azərbaycan vətəndaşı Orxan Zeynalov ömürlük azadlıqdan məhrum edilə bilər. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Təhqiqat Komitəsinin Baş Təhqiqat İdarəsinin nümayəndəsi Sergey Stukalov bəyan edib.

Rusiya ombudsmanı Vladimir Lukin isə hüquq-mühafizə orqanlarını Yeqor Şerbakovun qətli ilə bağlı obyektiv araşdırma aparmağa çağırıb. O bildirib ki, məhkəmənin qərarına qədər qətldə şübhəli sayılan Orxan Zeynalova münasibətdə günahsızlıq prezumpsiyası qüvvədədir: “Birincisi, Orxan Zeynalovun tutulma səhnəsinin Rusiya KİV-lərində nümayiş etdirilməsini düzgün saymıram. Ümid edirəm ki, istintaq obyektiv olacaq. Orxan Zeynalov şübhəli şəxsdir, ancaq onun nə dərəcədə günahkar olub-olmamasını məhkəmə müəyyənləşdirəcək. Digər tərəfdən, bu hadisə ilə faktiki eyni vaxtda Azərbaycan və Özbəkistan vətəndaşı olan iki şəxs öldürülüb. Ümid edirəm ki, Rusiya hüquq-mühafizə orqanları bu cinayətlərin açılmasına da eyni həvəslə yanaşacaqlar”.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 10-da Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakov adlı gənci öldürməkdə şübhəli sayılır. Hadisədən 3 gün sonra rus millətçiləri azərbaycanlıların çalışdığı “Pokrov” bazarına hücum çəkib, çoxlu sayda insana xəsarət yetirilib, ticarət mərkəzinə ciddi maddi ziyan dəyib. Rusiya polisi oktyabrın 16-da Orxan Zeynalovu Moskva ətrafındakı Kolomna yaşayış məntəqəsində həbs edib. Orxan Zeynalovun həbsi zamanı hüquq-mühafizə orqanlarının kobud davranışı Azərbaycanda ciddi etiraz doğurub. Orxan Zeynalov məhkəmədə Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib. Yeqor Şerbakovun rəfiqəsi Kseniya Papova isə qətli Orxan Zeynalovun törətdiyini iddia edib. Oktyabrın 17-də Moskvanın Presnensk Məhkəməsi Orxan Zeynalovun 2 ay müddətində həbs edilməsi barədə qərar verib.