Rusiyanın peyvəndi ölkəmizə gətiriləcəkmi?

Peyvəndlərin tətbiqi ilə təkcə koronavirusa deyil, digər xəstəliklərin də qarşısı alınır.

XALQ.AZ xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Peyvəndlərin əlçatanlığı üçün beynəlxalq təsisatlar mövcuddur. Ölkəmiz özünün inkişaf səviyyəsinə uyğun olaraq bu prosesləri yaxından izləyir. Dünyada müxtəlif dövlətlər tərəfindən bununla əlaqədar köklü işlər aparılır. Rusiyada aparılan tədqiqatları yaxından izləyirik. Koronavirusla bağlı peyvənd bazara çıxarıldığı zaman bütün lazımi tədbirlər görüləcək. Bununla bağlı Operativ Qərargahda müzakirələr aparılır”, – o bildirib.

Qarayeva əlavə edib ki, hər bir peyvənd geniş istifadəyə başlamazdan əvvəl 3 əsas mərhələdən keçməlidir:

“Rusiyada tətbiq olunan peyvəndlə bağlı müraciət etməmişik. Bu istiqamətdə həm beynəlxalq təşkilatlarla, həm də məşhur istehsalçı şirkətlərlə əlaqələrə keçmişik. Rusiyadakı peyvəndin tətbiqini izləməliyik. Məlumatlar ümidvericidir, amma konkret söz demək üçün çox tezdir”.