Sədr vətəndaşlarla görüşdü

XALQ.AZ xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Suraxanı rayonunun müxtəlif ərazilərində yerləşən 3 qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların məskunlaşma vəziyyəti və yaşayış şəraiti ilə tanış olub.
Komitədən verilən məlumata görə, Suraxanı İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun da iştirak etdiyi görüşdə bildirilib ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Onların sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatı ilə bağlı tədbirlər həyata keçirilir.
Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva paytaxtda ən qəzalı, ən ağır vəziyyətdə olan binalarda yaşayan məcburi köçkün ailələrinin yeni binalara köçürülməsi barədə tapşırıq verib və bu tapşırığın icrası istiqamətində məqsədyönlü iş aparılır.
Dövlət komitəsinin sədri Suraxanı rayonununda qəzalı binalarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərini dinləyib, sualları cavablandırıb.
Görüşdə iştirak edən məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Orxan