Səfər Mehdiyev Böyük Britaniya səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, DGK sədri Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib, ikitərəfli münasibətlərin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. 

Səfir Ceyms Şarp iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumundan məmnunluqla söhbət açıb, ölkəsinin bütün sahələrdə, o cümlədən gömrük işində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Səfir Azərbaycanın gömrük sistemində aparılan islahatların, əldə edilən nailiyyətlərin onda böyük təəssürat yaratdığını, həmçinin Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniya şirkətlərinin gömrük xidmətindəki yeniliklərdən çox razı qaldıqlarını söyləyib.

Səfər Mehdiyev ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb, eləcə də Şimali İrlandiya və İrlandiya Respublikası arasındakı sərhəd buraxılış məntəqələrində gömrük işinin yenidən qurulması ilə bağlı zərurət olarsa, Azərbaycan gömrük xidmətinin təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.