Səfər Mehdiyev çağırış etdi

“İstər yaz periodunda, istərsə də indi Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları gömrük-sərhəd keçid məntəqələrində yarana biləcək sıxlığı aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.

XALQ.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

S. Mehdiyev qeyd edib ki, komitə bütün texniki imkanlarından istifadə edərək, sıxlığı aradan qaldırmağa çalışır: “Bu cür sıxlıqlar dünyanın hər yerində mövcuddur. Sərnişin axınının çox olmasının və nəqliyyat vasitələrinin idxal-ixrac əməliyyatlarının müəyyən pik saatları var. Amma bu o demək deyil ki, hər hansı gömrük keçid məntəqəsində sıxlıq varsa, bu daimidir. Bununla belə bir neçə saat ərzində baş verən sıxlığı aradan qaldırmaq üçün hər iki qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.

Komitə sədri sıxlığın yaranmaması üçün vətəndaşları çağırış edib: “Xüsusilə cənub regionunda yaşayan vətəndaşlarımıza tövsiyəmiz var. Onlar səhər 9-10 radələrində gömrükdən keçməyə çalışır. Günorta saatlarında vətəndaşlar sərhəd keçid məntəqələrində rahat keçə biləcəyi halda, hər kəs səhər saatlarında getməyə çalışır. Vətəndaşlardan xahişimiz odur ki, saat məsələsini nəzərə alsınlar”.

 

Orxan