Səfər Mehdiyev görüş keçirib

Dövlət Gömrük Komitəsinin sədri (DGK), gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

XALQ.AZ  xəbər verir ki, bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

S.Mehdiyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gömrük xidməti rəhbərlərinin ötən il Türkiyə Respublikasında keçirilən toplantısında mühüm qərarlar qəbul olunduğunu, bugünkü görüşün də gələcək əməkdaşlığa töhfə verəcəyini bildirib. Dövlət Komitəsinin sədri qardaş ölkələr olaraq təşkilat çərçivəsində həm ikitərəfli, həm də beynəlxaq səviyyədə faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu, vahid mövqe nümayiş etdirildiyini diqqətə çatdırıb.

Görüşdə o da vurğulanıb ki, bütün sahələrdə olduğu kimi, gömrük sahəsində əlaqələr yüksək səviyyədədir və təşkilat üzvü olan dövlətlər arasında məlumat mübadiləsinin həyata keçirilməsi, müxtəlif sahələr üzrə saziş və protokolların imzalanması, məlumatların qabaqcadan ötürülməsi ilə bağlı pilot layihənin reallaşdırılması bunun bariz nümunəsidir.

S.Mehdiyev türkdilli dövlətlərin başçıları tərəfindən gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı konkret tapşırıqların verildiyini, bu tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə vahid logistika sisteminin formalaşdırılması üçün sənədin hazırlanmasının və həyata keçirilməsinin vacibliyini dilə gətirib.

Dövlət Komitəsinin sədri Azərbaycan Gömrük Xidməti ilə bir sıra region ölkələri arasında elektron məlumat mübadiləsinin həyata keçirildiyini, təşkilatın bütün üzvləri arasında da elektron məlumat mübadiləsinin tətbiq olunmasının ticarətin və gömrük nəzarətinin asanlaşdırılmasına, idxal-ixrac əməliyyatalarının sürətləndirilməsinə şərait yaradacağını bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev təmsil etdiyi qurumun son zirvə toplantısında liderlərin iqtisadi əlaqələrin, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı vahid mövqe ortaya qoyduqlarını və bu istiqamətdə mühüm addımlar atıldığını diqqətə çatdırıb. Sammitdən sonra Türkiyə və Qazaxıstanda məhsuldar görüşlər keçirdiyini bildirən Baş katib hazırkı görüşün və oktyabr ayında Qırğızıstandakı təmasların da əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacağının əhəmiyyətindən bəhs edib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Orxan