Səfərbərlik üçün qeydiyyatdan keçən məşhurlar kimlərdir?

Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gedərək könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyata düşür. Onlar arasında reper “Qurd”, rejissor Kənan M.M, aparıcı Hacı Nuran, aktrisa Arzum Kərimova, idmançı Kamil Zeynallı da var. Onlar bu barədə sosial şəbəkədə məlumat paylaşıblar.

XALQ.AZ xəbər verir ki, Kənan M.M bildirib ki, prezidentin məlum açıqlamasından sonra bu addımı atıb:


“Prezidentimizin çağırışından sonra mən də gedib könüllü olaraq orduda xidmət etmək üçün adımı yazdırdım. Biz anamıza əl uzadanın əlini, dil uzadanın dilini kəsərik. Orduda xidmət etmək hamımızın borcudur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçsəm də, bu barədə paylaşım etmədim. İnsanlara məlumat verməyə utandım”.

a7ebdd34-576b-471d-9945-73ef0d44f253.jpg (155 KB)

“Qurd” ləqəbli reper Fərid Eminov isə bildirib ki, vəzifədən asılı olmayaraq döyüşə yararlı hər kəs orduya üz tutmalıdır:
“Biz bu vətənin, torpağın, Azərbaycanın oğullarıyıq. Vətən uğrunda döyüşmək, onu qorumaq borcumuzdur. Vəzifəsindən asılı olmayaraq döyüşə yararlı olan hər kəs orduya üz tutmalıdır. Təbii ki, ehtiyac yaranarsa… Bizim güclü ordumuz var. Əgər keçmişdə hərbi qulluq keçmiş insanların dəstəyi lazımdırsa, ən birinci biz getməliyik. Onsuz qorxaq qorxaqdır, döyüşkən döyüşkəndir. Düşünürəm ki, döyüşə hərbi hazırlığı olan insanlar cəlb edilməldir”.

109990052_324110778749518_7749982188705307031_o.jpg (311 KB)

Aktrisa Arzum Kərimova saytımıza açıqlamasında qeyd edib ki, döyüşə getməyə hazırdır:


“Neçə gündür ağlayıram. Polad Həşimov kimi generalımız şəhid oldu. Cavan uşaqlar şəhid oldu. Elə bilirəm ki, atam, qardaşım şəhid olub. Əvvəl uşaq idim, müharibəni, şəhid olmağın önəmini bilmirdim. İndi vətən sevgisi, şəhid olmaq, vətən acısı çəkmək nədir bilirəm. Dünən 8 ildən sonra övladı olan şəhidimizin anasının videosuna baxdım. O qədər ağladım ki… İgid, mərd oğullarımız biz rahat yaşayaq deyə canından keçir. Biz niyə onlar üçün özümüzü güllə qarşısına atmayaq? Yəqin ki, bizi ön cəbhəyə buraxmazlar. Amma məni hansı vəzifədə görsələr, əlimdən gələni etməyə hazıram. Ən azı yemək bişirərəm, əsgərlərin yarasını sarıyaram. Düzdür, müharibə, bomba səsi adamı vahiməyə salır. Amma mən də vətənim üçün canımdan keçməyə hazıram. Anam xəbərsiz idi. Evin tək övladıyam. O, əvvəl pis oldu, sonra mənimlə qürur duydu.

hacinuran_108736576_715569909220166_2342041359859626535_n.jpg (159 KB)

Mənə instaqramda yazırlar ki, özünü reklam edirsən. İndi özünü reklam etmək çox asandır. Soyunan kimi reklamın hazırdır. Yəni, mənim məqsədim bu deyil. Azərbaycan qadınları mərddir. Biz başı dik döyüşə gedərik”.

Aparıcı Hacı Nuran isə sosial şəbəkədə yazıb ki, ehtiyatda olan bir leytenant kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmaq onun borcudur:


“Müqəddəs Vətənimizə hərb zamanı yararlı olmaq istəyimə və Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin çağırışına əsasən, ordumuza könüllü olaraq qeydə alınmağı sizdən rica edirəm. Mənə həvalə oluna biləcək istənilən sahədə xidmət göstərməyə hazıram. Beləcə, mən də bir vətən daşı, bir könüllü kimi qeydiyyatdan keçdim. Çünki Ali Baş Komandan İlham Əliyevin çağırışından sonra bir müsəlləh əsgər kimi, ehtiyatda olan bir leytenant kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmaq mənim də borcumdur. Bu borc bir oğulun bir ana qarşısındakı borcdur. Məni tanıyanlar yaxşı bilir ki, belə məqamlarda yerimdə sakit dura bilmərəm. Bir də onu demək istəyirəm ki, yağı düşmən hələ bizi tanımır. Tanısaydı, bilərdi ki, yatmış aslanın intiqamı çox pis olur. O gün isə artıq yetişib”.

İdmançı Kamil Zeynallı qeyd edib ki, Qəbələ rayonunda Səfərbərlik Şöbəsindən qeydiyyatdan keçdik. İnşallah Ali Baş Komandan əmr versin, canla-başla döyüşə gedək.