Səfir Vladimir Doroxin İsmayıllıda məktəbdə

04

 

Azərbaycanda yeni dərs ili start götürmüşdür. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov həmin gün İsmayıllı rayonunun İvanovka kəndindəki Heydər Əliyev adına orta məktəbdə olmuşlar.
İvanovkada dərs ilinin başlanması həqiqətən ümumi bayramdır. Uşaqdan tutmuş böyüyədək bütün kənd – məktəblilər, müəllimlər, valideynlər, çoxsaylı qonaqlar təntənəli mərasimə toplaşmışlar.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya səfiri Vladimir Doroxin yeni dərs ilinin başlanması münasibətilə hamını səmimi təbrik edərək bildirmişdir ki, Rusiya səfirliyi və “Rossotrudniçestvo” agentliyinin nümayəndəliyi artıq uzun illərdir məktəbin məzunlarının Rusiyanın ali məktəblərinə daxil olmalarına dəstək göstərirlər.
Təntənəli mərasimdən sonra qonaqlar rus dili və ədəbiyyat müəllimi Nadejda Puzanovanın 9-cu sinifdə “Müasir dünyada rus dili” mövzusunda açıq dərsində iştirak etmişlər.
Vladimir Doroxin gənc nəslin tərbiyəsi sahəsində görülən böyük işlərə görə məktəbin direktoru Mixail Uryupinə, müəllimlər Nadejda Jabinaya və Nadejda Puzanovaya fəxri fərmanlar təqdim etmişdir.
Müəllim Valentina Jabinanın adının “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən bu il təsis edilmiş Fəxri kitaba yazılması, fotoşəklinin “Azərbaycanın ən yaxşı rus dili və ədəbiyyatı müəllimləri qalereyası”nda yerləşdirilməsi barədə xəbər çox sevindirici olmuşdur.
V.Doroxin “Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri – 13 avqust 2013-cü il” xatirə forosərgisini məktəbə hədiyyə etmişdir.