Səfirliklərdə “nurçu” əməliyyatı başlayır

Nurcu

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərindən sonra nurçuların dövlət orqanlarından təmizlənməsi əməliyyatına start verildi. İlkin mərhələdə hüquq mühafizə orqanları tərəfindən dövlət strukturlarında yerləşdirilmiş məmurlar üzə çıxarıldı.

Bir sıra rayon və Bakıda fəaliyyət göstərən nurçu yuvaları da aşkar olundu. Hətta polis şəbəkə üzvlərindən müxtəlif partlayıcı maddə aşkar edərək müsadirə etdi.

XALQ.AZ xəbər verir ki, “Olaylar” qəzetinin yaydığı məlumata görə, Azərbaycanda hüquq mühafizə orqanları tərəfindən bəzi xarici ölkə səfirlikləri və diplomatik nümayəndəliklərində nurçu əməliyyatının üçüncü dalğasının başlanacağı bildirilir. İddialara görə, həmin strukturlarda “Gülən camaatı”nın kifayət qədər agentləri var. Əməliyyatda məqsəd nurçu şəbəkəsinin üzə çıxarılmasıdır. Xarici ölkə səfirliklərində çalışan nurçuların Azərbaycanla bağlı bir sıra məlumatları gizli yollarla lazım olan obyektlərə çatdırılması barədə dəqiq faktlar olamsa da belə bir ehtimal mümkündür.

Hələ bir neçə ay bundan qabaq “Çağ” Öyrətim İşlətmələrinin rəhbəri, türkiyəli iş adamı Ənvər Özərənin “Gülən camaatı”nın lideri Fətullah Gülənə Azərbaycanla bağlı göndərdiyi məxfi məktub təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən üzə çıxarılmışdı.

Qeyd edək ki, həmin məktubda Özərən Gülənə öz adamlarının Azərbaycanın dövlət strukturlarına yerləşdirilməsi barədə məlumat verib. Müxtəlif yollarla Azərbaycanın daxili siyasətinə sızmış nurçu şəbəkəsinin indi xarici ölkələrin diplomatik nümayəndəliklərində fəaliyyətinin olması iddiası bu halda təsdiq edilə bilər. İstənilən yolla Azərbaycan, Türkiyə və digər türk respublikalarına təxribat yolu ilə hakimiyyəti ələ keçirmək istəyən nurçu şəbəkəsi üçün xarici ölkə səfirlikləri daha məqsədəuyğun yer sayılmalıdır. Çünki bəzi Qərb dövlətlərinin Azərbaycan da daxil olmaqla digər ölkələrdə çevriliş etmək planlarının olduğu bildirilir. Əslində bunlar fakt şəklində də ortadadır. Son Ukrayna hadisələri buna bariz nümunədir. Tez-tez Avropa və Amerika mediasında da bununla bağlı kifayət qədər məlumatlar dərc edilir. Məsələn, həmin ölkələr arasında Fransa, İngiltərə, ABŞ və digər dövlətlərin adlarını çəkmək mümkündür. Nurçuların Qərb tərəfindən bu məqsədlə maliyyələşdirildiyi sirr deyil.

Bir müddət əvvəl də azərbaycanlı hüquq müdafiəçisi, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunan Leyla Yunusu ölkədən çıxarmağa cəhd edən ABŞ və Fransa səfirlikləri əslində hansı məqsədlərə xidmət etdikləri bəlli oldu. Əslində bununla iddia etmək olmaz ki, Fransa və ABŞ-ın Azərbaycandakı səfirliklərində nurçu yuvası yerləşir, sadəcə olaraq bu ilkin olaraq irəli sürülən ehtimallardır. Hüquq mühafizə orqanlarının başladacağı əməliyyatlardan sonra məsələlərə aydınlıq gətiriləcək. Yaxın gələcəkdə əməliyyatın üçüncü dalğasına start veriləcək. Çox güman ki, bundan sonra fəaliyyətlərində Azərbaycan üçün təhlükəli impulslar olan səfirliklər ictimaiyyət qarşısında ifşa olunacaqlar. İndidən dəqiq proqnoz vermək çətin məsələdir, amma ilkin iddialara əsasən, şəbəkənin səfirliklərə yerləşdirdiyi agentləri arasında strukturlarda yüksək vəzifə tutan şəxslərin olduğu deyilir. Məsələn onların arasında 1-ci, 2-ci katib, attaşe səviyyəsində vəzifə tutanların olması iddia olunur. Başqa tərəfdən, nurçuluq ideologiyasının istənilən dövlətin təhlükəsizliyi üçün təhdid olduğu bəllidir. Ona görə də onların müxtəlif strukturlardan təmizlənməsi əməliyyatlarının aparılması təqdirəlayiq haldır. Hər halda bu dövlətin təhlükəsizliyi üçün vacib məsələlərdir.