Şəki şəhəri haqqında sərəncam

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası çərçivəsində Şəki şəhərində iri infrastruktur layihələri həyata keçirilmiş, Mərkəzi Rayon Xəstəxanası, Olimpiya İdman Kompleksi, Respublika Atçılıq İdman Mərkəzi inşa olunmuş, bir çox tarixi abidələr qədim memarlıq ənənələrinə uyğun olmaqla müasir şəkildə yenidən qurulmuş, elektrik stansiyası tikilmiş, yeni istehsal müəssisələri yaradılmış, abadlıq-quruculuq işləri görülmüşdür.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2013-cü il.


Comments are closed.