Səlim Müslümov son xəbərdarlıq etdi

 

68

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişində şəffaflığın təmin olunması ilə bağlı KİV nümayəndələri üçün brifinq keçirib. Xalq.az nazirliyə istinadən xəbər verir ki, Çingiz Əliyev ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişinə nəzarətin həyata keçirilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mühüm fəaliyyət sahələrindən biri olduğunu qeyd edərək bildirib ki, bu sahədə ötən müddətdə yol verilmiş nöqsanların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində nazirliyin yeni rəhbərliyi tərəfindən artıq müvafiq tədbirlərə başlanılıb. Aztəminatlı əhali qrupları bu tədbirlərin müsbət nəticələrini yaxın vaxtlarda hiss edə biləcəklər.

Bir neçə gün öncə, noyabrın 4-də rayon və şəhər Əhalinin sosial müdafiəsi mərkəzlərinin (ƏSMM) direktorlarının iştirakı ilə nazirlikdə iclas keçirildiyini diqqətə çatdıran Çingiz Əliyev iclasda ünvanlı sosial yardımların təyin olunması və ödənişi işlərində hər hansı neqativ hala yol verilməməsi və şəffaflığın təmin olunması ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tərəfindən mərkəz direktorlarına ciddi tapşırıqlar verildiyini vurğulayıb.

Qeyd olunub ki, bu tapşırıqların icrası daim diqqətdə saxlanılacaq və yardım üçün müraciət edən vətəndaşlarla münasibətlərdə korrupsiya əməlinə yol verən əməkdaşlarla bağlı ciddi tədbirlər görüləcək.  Eyni zamanda, hüquq- mühafizə orqanları ilə bu sahədə müvafiq nəzarət formalarının tətbiq olunması məqsədilə söhbətlər aparılıb və yardımların təyinatı işlərində qanunsuzluğa yol verən əməkdaşların ifşa olunaraq cəzalandırılması üçün birgə tədbirlər görüləcək.

Bu tədbirlərin daha effektli nəticələr verməsi üçün vətəndaşların da daha aktiv olmalarının vacibliyini diqqətə çatdıran Çingiz Əliyev bu ay ünvanlı yardım alacaq  134 mindən artıq  ailəyə KİV vasitəsilə müraciət edərək, bildirib ki, təyin olunmuş yardımların alınması üçün onlara banklar tərəfindən verilmiş plastik kartları heç bir halda mərkəz əməkdaşlarına verməsinlər.  Çünki bu ünvanlı yardımlar dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılır və onlar bu vəsaitləri öz maddi ehtiyaclarına sərf etməlidirlər.

Heç bir əməkdaş vətəndaşları onlara təyin olunmuş yardımı onlarla bölüşməyə təhrik edə, yaxud əks halda onları yardım almaq hüququndan məhrum edə bilməz.

Eyni zamanda, həmin vətəndaşlar əhalinin sosial müdafiəsi mərkəzlərində yardım təyinatı müqabilində onlarla aparılan hər hansı qanunsuz «sövdələşmələr»ə getməməli və belə hallarla üzləşdikləri təqdirdə nazirliyin 142 – Qaynar xəttinə, yaxud (012) 595 53 81, (012) 595 04 28 və (012) 595 04 26 nömrəli telefonlara müraciət etməlidirlər.

Ünvanlı yardımların təyinatı sahəsində şəffaflığın təmin olunması istiqamətində daha bir yenilik olaraq, əmək haqları və pensiyalar, sosial müavinətlər kimi, növbəti ilin yanvar ayından etibarən ünvanlı yardımlar da aylıq hesablara köçürüləcək, yəni bu sahədə ödənişdə hər hansı «gecikmə» tam aradan  qaldırılacaqdır.

Brifinqdə Çingiz Əliyev KİV nümayəndələrinin suallarını da cavablandırıb.