Səməd Seyidov: Bu, çox çətin vəziyyətdir

Bu müzakirələrin təkcə Avropa Şurasının gələcəyi deyil, eyni zamanda, üzləşdiyimiz böhrandan çıxışa dair müzakirələrin olması ilə bağlı həmkarlarımın fikrini bölüşürəm. Biz indiki vəziyyəti bilərək təhlil etməli və hansı istiqamətdə gedəcəyimizi müəyyənləşdirməliyik. Çox vaxt prosedurların dəyişməsi və maliyyə böhranının həllinin bu vəziyyətdən çıxmaq imkanı olması ilə bağlı fikirlər eşidirik.

XALQ.AZ xəbər verir ki,bu sözləri AŞPA-nın payız sessiyası çərçivəsində “Avropa Şurasının gələcəyi” mövzusuna həsr edilmiş müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

S. Seyidov qeyd edib ki, Şuranın gələcəyi deyəndə, təkcə prosedurlar və maliyyə səbəblərini deyil, eyni zamanda, dəyərləri və münasibətləri düşünməliyik:

“Məncə üzləşdiyimiz böhran bu son iki amildən irəli gəlir. Üzv olduğumuz bu təşkilata nəzər saldıqda, onun 8 üzv ölkəsinin bir-biri ilə müharibədə olduğunu görürük. Belə bir təşkilatın gələcəyini təsəvvür edə bilərsinizmi? Üzvləri bir-biri ilə mübarizə aparan bu təşkilatın gələcəyini necə təsəvvür etmək olar? Bu, çox çətin vəziyyətdir. Təsəvvür edə bilərsinizmi ki, 14 üzvü daim ciddi monitorinq altında olan və digər üzvləri “köhnə demokratiya” adı altında fərqli davranışa malik olan təşkilatın hansı gələcəyi ola bilər?”.

Azərbaycan nümayəndə heyətinin rəhbəri deyib ki, gələcək haqqında düşünmək üçün dərhal yeni komitə və ya xüsusi qrup yaradılmalıdır.

“Bu böhrandan çıxmaq üçün bütün 47 üzv dövlət üçün qəbul edilə bilən ideyalara baxılmalıdır. Yalnız bu yolla üzvlər bir yerdə ola bilər. Əks təqdirdə, bu təşkilatın gələcəyi böyük sual altında olacaq. Ancaq ümid edirəm ki, gələcəyimizi müəyyən etməyə qadirik. Malik olduğumuz çox məhdud vaxt bizə bir-birimizi başa düşməyə, dinləməyə, bir-birimizə qarşılıqlı hörmət etməyə imkan verəcək və gələcəyimizi təmin edə biləcəyik”, – deyə S. Seyidov diqqətə çatdırıb.

 

 

Orxan