Saatlıda kritik vəziyyət

11

Saatlı camaatının sosial durumu hər ötən gün bir qədər də ağırlaşır

 

Məhz elə bu səbəbdən də rayon camaatı, əsasən də yerli sahibkarlar, iş adamları, fermerlər icra başçısının əməllərindən, Prezident Administrasiyasına və digər müvafiq qurumlara tənqidi xarakterli məzmunlu şikayət ünvanlamağı planlaşdırırlar. Saatlı  Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov  əhalinin problemlərilə maraqlanmadığını bildirən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən rayonda məmurların bir qismi səlahiyyətlərindən sui-istifadə edərək əhaliyə divan tutur, bir sıra ciddi özbaşınalıqlara yol verirlər: «Bu kimi əməllərin nəticəsində Saatlı camaatının sosial durumu hər ötən gün bir qədər də ağırlaşır. Nə icra hakimiyyəti, nə də ki, rayondakı digər qurumlar əhalinin şikayətlərinə baxır. Bir sözlə, sakinlərin problemlərini yoluna qoymağa çalışan şəxs olmadığından, artıq Saatlı  camaatı dərdlərini deməyə yer tapa bilmirlər. Rayon əhalisi dəfələrlə icra başçısına  qəbuluna düşməyə, onları narahat edən məsələləri icra başçısının diqqətinə çatdırmağa cəhd göstərsələr də, onları dinləyən belə, olmayıb». İcra başçısının geniş maliyyə imkanlarına malik olduğunu vurğulayan məlumatlı şəxs iddia edir ki, Siraqəddin Cabbarov  Saatlıda  özünə bütün lazımi şəraiti yaratmağa müvəffəq olub: «İcra başçısının rayonda böyük biznesi olduğundan o, əsas diqqətini məhz bu sahəyə yönəldib. Elə buna görə də rayon rəhbərliyi əhalini narahat edən problemlərlə maraqlanmır, onların həlli istiqamətində heç bir zəruri addım atmır. Halbuki bu gün rayonun əksər kəndlərində işsizlik, içməli su, işıq, qaz və yol problemi mövcuddur. Ancaq nədənsə Saatlı  Rayon İcra Hakimiyyəti bu kimi məsələlərə əhəmiyyət vermədən öz bildiyini etməyə davam edir». Saatlının  sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün xərclənmədiyini qeyd edən məlumatlı şəxsin bildirdiyinə görə, camaatın problemləri, sıxıntıları icra başçısını zərrə qədər də olsun maraqlandırmır: «Cabbarov rayona rəhbər təyin olunduqdan sonra bütün önəmli strukturlara özünə yaxın olan adamları təyin edib. İcra başçısı vətəndaşlarla tez-tez görüşlər keçirib, onların problemlərilə maraqlanmaq əvəzinə rayon camaatına qarşı haqsızlıqlar edir. Hazırda rayonda insanlar öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Lakin bütün bunlara baxmayaraq, icra başçısı vətəndaşların sosial qayğıları ilə qətiyyən maraqlanmır. İcra başçısı Cabbarov  rayondakı mövcud acınacaqlı vəziyyəti ört-basdır etmək məqsədilə Saatlının  mərkəzində kosmetik dəyişikliklərin edilməsinə dair tapşırıq verib. Və bu, ictimaiyyətə rayonda aparılan geniş miqyaslı abadlıq işləri kimi təqdim edilir. Bu arada, onu da qeyd edim ki, hazırda rayonun əksər kəndlərində məktəblər qəzalı vəziyyətdədir və çoxu uzun illərdən bəri təmir olunmayıb. Müasir texnologiyaların tətbiqi barədə isə ümumiyyətlə danışmağa dəyməz. Rayonda uşaq bağçalarının çatışmazlığı ilə bağlı problemlər də mövcuddur. Bunun da nəticəsində Saatlıda  uşaqların əksəriyyəti məktəbəqədər təhsildən məhrum qalıblar.

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.