Şadlıq evləri bu tarixdə açılsın – Deputat

toy 003 71502307257

Təklif edirik ki, sentyabrın 15-dən etibarən qapalı məkanlarda yerləşən kafe və restoranlar, oktyabrın 1-dən iri ticarət obyektləri, noyabrın 1-dən isə yeni standartlarla şadlıq saraylarının fəaliyyətinə icazə verilsin.

XALQ.AZ xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, ÜST karantin rejiminin tətbiqini məqsədəuyğun hesab etmir:

“Avqust ayı sona yaxınlaşdıqca ən çox soruşulan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də sentyabrdan xidmət və ictimai iaşə obyektlərinin fəaliyyətinin davam etməsilə bağlıdır. Epidemioloji vəziyyətdən asılı olaraq növbəti qərarların veriləcəyi gözlənilsə də, iqtisadiyyatın mərhələli açılımının davam etdirilməsi daha məqsədəuyğundur. Ümumdünya Səhiyyə Təşkilatı da artıq karantin tədbirlərinin tətbiqini məqsədəuyğun hesab etmir. İqtisadi və sosial faktorları nəzərə alsaq, Azərbaycanda da yenidən sərt karantinin tətbiq edilməsi arzuolunan deyil. Əksinə, daha yaxşı olar ki, xidmət və ictimai iaşə sektorunda fəaliyyət miqyası genişlənsin. Payız mövsümünün yaxınlaşdığını nəzərə alsaq, yalnız açıq havada deyil, eyni zamanda qapalı məkanlarda da fəaliyyətə icazə verilməsi məqsədəuyğundur.

Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə obyektlərində 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində 81,5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi işçi var. Nəzərə almaq lazımdır ki, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir.

Ona görə də yuxarıda qeyd etdiyim təklif üzərində düşünmək lazımdır. Aydındır ki, bu təklifin reallaşması üçün nəzarətin güclənməsi, qaydalara əməl etməyimiz zəruridir. Yalnız bu halda həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.