Sahibə Qafarova Rusiyada Suriya və Livan qaçqınlarının Qarabağa gətirilməsi məsələsini qaldırdı

sahibe 2

“Ermənistan tərəfindən Suriya və Livan qaçqınlarının qanunsuz olaraq Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı deyib.


Sədr Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki qeyri-konstruktiv mövqeyi və Azərbaycanın Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribat barədə də danışıb:

“Ən yüksək səviyyədə – BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bugünədək məhəl qoyulmur. Ermənistanın son təxribatı isə artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir. Həmin konvensiyaların ziddinə olaraq bu gün Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz olaraq Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur”.

“Ötən illər ərzində faşist ideologiyasına son qoyulmasına baxmayaraq, bəzi ölkələrin son zamanlar tarixi yenidən yazmaq istəməsi ilə yanaşı, nasist əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri də müşahidə olunur, onlara abidələr ucaldılır və bu da beynəlxalq ictimaiyyətin haqlı qəzəbinə və qınağına səbəb olur. Mübaliğəsiz biabırçılıq olan bu cür hadisələrə münasibət bildirməkdən Rusiya kənarda qalmadı və nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə barədə BMT-də müzakirə aparılmasının və qətnamə qəbul edilməsinin təşəbbüskarı oldu. Ancaq biz görürük ki, bir sıra dövlətlər, məsələn Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir. Əks təqdirdə, Yerevanın mərkəzində Hitler tərəfdarı olan faşist əlaltısı Qaregin Njdeyə altı metr hündürlüyündə heykəlin qoyulmasını nə ilə izah etmək olar? Axı, “kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi məhz ona məxsusdur. Düşünürük ki, Ermənistanın bu cür hərəkətləri diqqətdən kənarda qalmamalı və öz adekvat cavabını almalıdır.”