Sahibə Qafarova səfirlə görüşdü

ss

Oktyabrın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XALQ.AZ-a verilən məlumata görə, Milli Məclisin Sədri bildirib ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarının başlamasının ilk dəqiqələrindən Prezident Rəcəb Tayyib Ərdoğan birmənalı mövqe ortaya qoyub, Türkiyə xalqının və dövlətinin Azərbaycanın yanında olduğunu bildirib.  “Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop şəxsən mənə zəng edərək öz dəstəyini ifadə edib, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar öz mövqelərini ortaya qoyublar”.

Milli Məclisin Sədri Azərbaycana verilən bu dəstəyə görə Türkiyə xalqına, dövlətinə və rəsmilərinə dərin təşəkkürlərini çatdırmağı səfirdən xahiş edib.

Sədr Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiyanın da Ermənistanın ölkəmizə qarşı təxribatlarını pisləyən Birgə Bəyanatla çıxış etməsini yüksək qiymətləndirdiyini ifadə edib.

Milli Məclisin Sədri TBMM sədrinə yazdığı məktubda siyasi partiyaların bu dəstəyinə görə təşəkkürünü bildirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Türkiyənin ölkəmizə hərtərəfli dəstəyi ulu öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” fəlsəfəsinə uyğundur.

Sahibə Qafarova Ermənistanın təxribatları ilə bağlı Türkiyənin televiziya kanallarının mütəmadi verilişlər hazırladığını, “TRT Haber”in ondan müsahibə aldığını da xatırladıb. Sədr Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Ravza Kavakçının da telefon zəngini və ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib.

Səfir Erkan Özoral diqqətə çatdırıb ki, Qafqaz İslam Ordusunun 100 illiyinin və Azərbaycanın Dağlıq Qarabağın azad edilməsi uğrundakı zəfər yürüşünün onun səfir olduğu dövrə təsadüf etməsinə görə özünü çox şanslı hesab edir. Səfir Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəkkürlərini Türkiyə xalqına, dövlətinə və rəsmilərinə çatdıracağını qeyd edib. Bildirib ki, Azərbaycan Türkiyənin qardaşıdır, Türkiyə qardaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu istiqamətdə addımlarını atmağa davam edəcək.

Söhbətin sonunda ən qısa müddətdə Azərbaycan Ordusunun qələbə xəbərlərinin eşidiləcəyinə əminlik ifadə olunub.