Sahibə Qafarova İsrail səfirinə Qarabağ müharibəsi haqda danışdı

Milli Məclisin Sədri Sahibə Qafarova İsrailin ölkəmizdəki səfiri Corc Dik ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XALQ.AZ-a bildirilib ki, görüşdə ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsinə toxunan Sədr Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İsrail dövlətinə təşəkkürünü bildirib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təxribatları barədə səfirə məlumat verən Sahibə Qafarova qeyd edib ki, Ermənistan silahlı qüvvələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatların ardınca, sentyabrın 27-də növbəti dəfə təmas xəttində yerləşən kəndlərimizə, hərbi mövqelərimizə hücum edib. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və artıq işğal altındakı bəzi ərazilərimiz azad edilib.

Milli Məclisin Sədri bildirib ki, Ermənistan son günlər cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızı, mülki əhalini hədəfə alır. Bunun nəticəsində dinc insanlar arasında ölənlər və yaralananlar var. Həmçinin enerji infrastrukturuna və yaşayış binalarına ciddi ziyan dəyib, dağıntılar var. Bu, bir daha Ermənistandakı hərbi-siyasi rejimin cinayətkar mahiyyətini əks etdirir.

Spiker qeyd edib ki, Ermənistan informasiya cəbhəsində də təxribat xarakterli məlumatlar yayaraq beynəlxalq ictimai rəyi çaşdırmağa çalışır. Sahibə Qafarova deyib ki, Azərbaycanın bu münaqişəni həll etməyə qadir Silahlı Qüvvələri var və bunun üçün heç bir başqa qüvvə cəlb etmir.

Parlamentlərarası münasibətlərin inkişafından danışan Milli Məclisin Sədri Sahibə Qafarova ölkələrimizin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Spiker qeyd edib ki, bu baxımdan hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qrupları mühüm rola malikdir.

Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Corc Dik Sahibə Qafarovanı Milli Məclisin Sədri kimi yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib. Ölkəmizdə qadınların ictimai-siyasi həyatdakı rolundan danışan səfir qeyd edib ki, Azərbaycan Şərqdə qadına seçki hüququ verən ilk ölkə kimi bu gün də qadınların həyatın müxtəlif sahələrində fəal təmsil olunmasına şərait yaradır.

Diplomat vurğulayıb ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və bu baxımdan digər ölkələrə nümunə ola bilər. Burada müxtəlif xalqlar, o cümlədən yəhudilər bərabərhüquqlu vətəndaşlar kimi yaşayırlar.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan səfir ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.

İkitərəfli əməkdaşlığın inkişafından danışan diplomat bildirib ki, ölkələrimizin pandemiyaya qarşı mübarizədə səhiyyə sahəsində də yaxından əməkdaşlıq etməsi təqdirəlayiqdir.

Görüşdə ölkələrimiz arasında müasir texnologiyalar, energetika və digər sahələr üzrə əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb.