“Sahibkar çalışmalıdır ki, əməkdaşını işsiz qoymasın”.

“Yeni növ koronavirus pandemiyasından zərər görmüş sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərə dövlət dəstəyinin növbəti mərhələsi başlayıb. Avqustun 19-da ikinci mərhələ çərçivəsində 228175 muzdlu işçini əhatə edən 22603 vergi ödəyicisinin bank hesablarına ilkin olaraq 50,38 mln. manat köçürülüb”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Deputat hesab edir ki, dövlətin zərər çəkmiş sahibkarlara dəstəyini davam etdirməsi faktı ilə yanaşı daha bir vacib məqama diqqət yetirmək lazımdır – fəaliyyətini qanuni müstəviyə keçirmiş özəl sfera təmsilçilərinin sayı 1 iyula qədər olan göstəriciyə nisbətən əhəmiyyətli dərəcədə artıb:

 “Dövlət ilk gündən sahibkarının və vətəndaşının yanında olduğunu göstərir. Mən bununla yanaşı, daha bir ciddi amilə diqqəti yönəldərdim. Əslinə qalsa, böhran şəraitində bu da qazanılmış mühüm uğurdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsində yardım edilmiş muzdlu işçilərin sayı birinci mərhələdəkindən 12177 nəfər çoxdur. Bu nə deməkdir? Fəaliyyətində qanundan qaçan sahibkar işçisinin qınağı ilə üzləşib qanun müstəvisinə keçib. Şəffaflaşma nəticəsində əmək müqavilələri əldə etmiş işçi sayında artım baş verib. Bir tərəfdən qanun amili ortaya çıxır, digər tərəfdən dəstəksiz və yardımsız qalan işçi maddi yardımla təmin olunur. Fikrimcə, bu çox ciddi uğurdur, ən azı o baxımdan ki, postpandemiya dövründə dövlət yeni vergi ödəyicilərini qazanır, işçi vətəndaş isə qanunun himayəsi altına keçir”

Elnur Allahverdiyevin sözlərinə görə, bu tədbirlər eyni zamanda, işçilərini azad etmiş və ya onların sayında ixtisara getmiş sahibkarlara qarşı da ciddi xəbərdarlıq və qanuni tənbehdir:

“Biz hamımız şahidiyik ki, cənab Prezident İlham Əliyev pandemiyanın ilk günündən sahibkarları işçilərini işsiz qoymamağa çağırır. Çətindir, amma bu, bir və iki nəfərin problemi deyil, sıxıntını bütün xalq hiss edir. Bir vətənpərvər olaraq hamı başa düşməlidir ki, bir-birimizə dəstək durmasaq, böhrandan çıxa bilmərik. Ona görə də sahibkar çalışmalıdır ki, əməkdaşını işsiz qoymasın”.

Deputat vurğulayıb ki, bu məntiqin sübutu kimi maddi dəstəyin bu mərhələsində aprel-may-iyun ayları ərzində işçilərinin hamısını ixtisar etmiş 553 vergi ödəyicisinə (1666 nəfər işçi) və işçilərinin sayında ciddi azalmalara yol vermiş 374 vergi ödəyicisinə maliyyə dəstəyinin göstərilməməsini qeyd edə bilərik:

“Söhbət yüzlərlə, minlərlə işçinin işdən çıxarılmasından gedir. Bu qədər ailə çörəksiz qalıb. Bu məsuliyyəti işəgötürən də hiss etməlidir. May-iyun aylarında edilmiş maddi yardım prosesinin mexanizmi avqust-sentyabr aylarında ödəniləcək məbləğin sahibkara çatdırılması prosesini asanlaşdırır, çünki dövlətə maddi yardım üçün yenidən müraciət etməyə ehtiyac yoxdur. Təbii ki, bu çətinliyin müqəddəratı qlobal məsələdir. Böhran tək iqtisadi deyil, ölümlə nətəcələnən təhlükəsizlik problemidir. Dövlət bacardığı qədər dəstək durmağa çalışır, ancaq məsuliyyəti hər birimiz dərk etməliyik. Şəffaf və qanuni fəaliyyət pandemiya dövrünün iqtisadi fəaliyyəti üçün vizit kartı olmalıdır”