Şahin ilə sabah olacaqlardan xəbərsiz

01

26 oktyabr xatirələri…

Bəzi günlər var ki, bir ömrə bədəldir. Hər gün yaşadıqların uçub gedərkən, o anlar yaddaşa əbədi həkk olur. Necə ki, bu gün bəzimizin açıq, bəzimizin gizli ağlayaraq xatırladığı üç il öncəki faciə hamımızı sarsıtdı. Eyni zamanda yaddaşımıza həkk etdi hər hərəkətini Şahinin… Bu gün içimizdən ağlayaraq xatırladığımız o anlarla yaşadırıq içimizdəki, qəlbimizdəki Şahinimizi…
Sənin hər xatirən əzizdir… Hər xatirəndə Sənin o bir daha görmək üçün dünyaları verəcək siman var… Bəzən gülərüz, bəzən fikirli, bəzən əsəbi, ancaq bütün mimikaları təbii olan Şahin Ağabəyli…


26 oktyabr, 2010-cu il.

Saat 20.00 radələri. Ofisdə sabahkı görüşümüzün detallarını müzakirə edirik. Birdən mənim gözüm əlindəki təsbehə sataşır.

–          Sabah qalstuk vuracaqsan. Bununla görüşə gedəcəksən?

–          Bunlara qarışma, Şeyx. Bu mənim imicimdir.

–          Nə imici, rəis? Sən monitorinqə gedirsən. Yox, bir Polad Alemdar kimi paltonu da at çiyninə.

–          Səhv edən olsa, təsbehlə sındıracam onları.

Otağı gülüş səsləri bürüyür. Hamımız sabahdan xəbərsiz, şən və qayğısızıq. Şahin Anara son tapşırıqlarını verir. Mən də masanın üstündə sənədləri qaydasına salıram.

–          Şeyx, bu saatda qalstuku hardan tapacağıq?

–          Taparıq, başqan. Yetər ki, sən qalstuk tax.

Saat 21.00

Beşmərtəbədəki açıq dükanlarda qalstuk axtarırıq. Ən nəhayət tapırıq.

  • Ala, bu mənlik deyil. Mən qalstuk vurmayacam.

  • Qağa, atarıq maşına. Görüşdən görüşə taxarsan.

Çar-naçar qalstuk almağa razı edirik… Bu qədər israrla aldırdığımız qalstukun bir daha taxılmayacağını bilmədən…

Sabah olacaqlardan xəbərsiz…
Bir saat sonra.

Yollarımız ayrılırdı. O, bərbərə, mən evə getməliydim.

Sanki bir daha görüşməyəcəyimiz içimizə doğduğundan, bərbərə bərabər yollanırıq. Bərbərin israrına rəğmən sakit dayanmır, “gəl, sənin saçlarını da imicə salaq” deyirək, zarafından qalmır. KataloqMən isə “Mən bu bərbər pulu ilə bir il Xırdalanda saçımı kəsdirirəm, sayın Ağ adam” deyərək, qayğısızca gülüşürdük.  Sabah olacaqlardan xəbərsiz…
27 oktyabr. Gecə saat 00.30. Telefon zəngi.

–          Şeyx, yatmısan?

–          Yatıram.

–          Sabah uşaqlardan kimisə aparaq?

–          Nə bilim. Kimi deyirsən?

–          Yada boş ver. İki qardaş gedək, gələk.

–          Ok.

27 oktyabr.

Saat 07.45 radələri.

–          Şahin, mən evə gəlim, yoxsa ofisə?

–          Ofisdəyəm.

–          Oldu, rəis.

08.30 radələri.

Seçkidən sonrakı planlarımızdan bəhs edirik. 2015-ci ilin planlarını qururuq. Saniyələr sonra olacaqlardan xəbərsiz.

Son an və Şahinin son sözü.

–          Nə oldu sənə, ala?……………….

Sonrası qaranlıq… Sonrası heç kimin duymaq istəmədiyi bir an. Sonrası dostları, sevənləri ağlar qoyan bir fəlakət. Sonrası sözün bitdiyi an…

Bildiyimiz tək gerçək: Sən səni tanıyan və tanıdacaq son insan gözlərini bu fani dünyaya yumana qədər yaşayacaqsan, qardaş…

Cənnətdə sənə qonşu olmaq ümidi ilə,
biçarə Aqil Ələsgər/ yenicag.az


Comments are closed.