Şahin Seyidzadənin namizədliyi qeydə alındı

Heydər Əliyev Fondunun “Sosial layihələr” müsabiqəsinin rəhbəri Şahin Seyidzadə Parlament seçkilərinə namizədliyi qeydə alınıb.

XALQ.AZ xəbər verir ki, o 50 saylı Abşeron-Qobustan dairəsindən deputat  olmaq iddiasındadır. Onun namizədliyi DSK tərəfindən qeydə alınıb.

Şahin Seyidzadə namizədliyi haqda bunları deyib: 
 

“Əziz gənclər, həmkarlar və dostlar,

Bildiyiniz kimi, 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürmək haqqında məlumat vermişdim. İlk elan etdiyim andan bu günə qədər müəyyən bir müddət keçdi.

Həmin müddət ərzində təhlillər aparıldı, seçki dairəsi barədə qərar verildi, müraciət ərizəsi daxil olmaqla müvafiq sənədlərin təqdim olunma, imzaların toplanma və nəhayət ki, namizəd kimi təsdiq olunma mərhələsi uğurla başa çatdı. 

Bu müddət ərzində yanımda olan, dəstəkləyən, xoş sözlər, arzularını ifadə edən və sözsüz ki, imzaları ilə mənə etimad göstərən hər kəsə dərin təşəkkürümü bildirirəm. Sizlərin dəstəyi ilə birlikdə vacib bir mərhələni uğurla bitirdik. 

Rəsmi olaraq 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi Dairə Seçki Komissiyası tərəfindən qeydiyyata alındım!

İnzibati ərazi kimi tarixi prizmadan “gənc” olan, lakin yaşayış məskəni kimi qədim “kök”ə, dəyərlərə, yazılmamış adət-ənənələrə arxalanan seçicilərin namizədi olmaq uzun illər gənclər və təhsil sahələrində fəaliyyət göstərən biri və qədim nəslin nümayəndəsi olaraq mənim üçün həm məsuliyyətli, həm də qürurvericidir”.

XALQ.AZ