Saleh Məmmədov: “12 rayonda yeni yollar çəkiləcək”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2019-cu ilin yekunlarına və 2020-ci il qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, 2019-cu il üçün tərtib edilmiş “Tədbirlər Planı”na uyğun olaraq 1376.6 km uzunluğunda 56 layihə başa çatıb:

“Bura 7 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, 14 yeni körpünün və 7 piyada keçidinin tikintisi işləri daxildir.

Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43.8 km oln 3 respublika əhəmiyyətli, uzunluğu 79.3 km olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197.6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri  yerinə yetirilib.

S.Məmmədov həmçinin prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq kənd və qəsəbələrarası, qəsəbədaxili avtomobil yollarının tikintisinin vacibliyi barədə səsləndirdiyi tövsiyyə və tapşırıqlarına əsasən, 2020-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını qeyd edib.

Qeyd olunub ki, 2020-ci ildə ilkin mərhələdə 29 şəhər və rayonunda, habelə Bakı şəhərinin 12 rayonu ərazisində kənd və qəsəbə yollarının tikintisi və təmiri nəzərdə tutulmuşdur. Bundan başqa cari ildə respublika əhəmiyyətli və magistral yolların da tikintisi davam etdiriləcək və bir çoxunda işlərin başa çatdırılması nəzərdə tutulub.