Salyanda cari ilin doqquz ayına yekun vurulmuşdur

 

06

 

Salyan rayonunda cari ilin doqquz ayının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.
Xalq.az  xəbər verir ki, idarə, müəssisə və təşkilatların, icra nümayəndələrinin iştirak etdiyi toplantıda bildirilmişdir ki, bu ilin doqquz ayında rayonda ümumi daxili məhsul istehsalının həcmi 3,5 milyon manat artaraq 144,2 milyon manata çatmışdır. İqtisadiyyatın bütün sahələrində müsbət meyl davam etmiş, kənd təsərrüfatında 68,1, sənayedə isə 38,5 milyon manatlıq məhsul istehsal olunmuşdur. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 101,9, əhaliyə pullu xidmətin həcmi 30,1 milyon manat təşkil etmişdir. Dinamik iqtisadi inkişaf əsas kapitala yönəldilən investisiyaların iki dəfə artımı ilə müşayiət olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, ötən dövrdə Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyətinin yeni inzibati binası, Ələt-Astara magistralının kənarında Bayraq Meydanı tikilmiş və Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Küçə və prospektlərdə abadlıq işləri görülmüş, yaşayış binalarının dam örtüyü dəyişdirilmiş, fasad hissəsi müasir üslubda yenidən qurulmuş, rayonun qazlaşdırılması istiqamətində ardıcıl iş aparılmışdır. Rayonun Plasmas yaşayış massivində 640 şagird yerlik, Boranıkənd kəndində 220 şagird yerlik yeni məktəb binaları, təhsil şöbəsi üçün üçmərtəbəli inzibati bina inşa olunmuş, 8 nömrəli şəhər tam orta məktəbi əsaslı təmir edilmişdir. Qaraçala və Dayəkənd məktəblərinin yeni binalarının inşası başa çatmaq üzrədir.
Cari ilin 9 ayında səhiyyə ocaqlarının müasirləşdirilməsi də hesabat dövründə diqqətdə saxlanılmışdır. 100 çarpayılıq rayonlararası psixiatriya xəstəxanasında inşaat işləri yekunlaşmış, 50 çarpayılıq ağ ciyər xəstəlikləri xəstəxanasında isə işlər davam etdirilir.
Dövlət başçısının Salyana səfəri zamanı verdiyi tapşırığa əsasən Kür çayı üzərində, Salyan şəhərini Babazanlı yaşayış massivi ilə birləşdirəcək yeni körpünün tikintisinə və Salyan-Şirvan magistralının əsaslı şəkildə yenidən qurulmasına başlanmışdır.
Əhalinin su, qaz, elektrik enerjisi ilə təminatı və xidmət təşkilatlarının işindən də danışılmış və konkret tapşırıqlar verilmişdir.
Hesabat yığıncağında qarşıda duran vəzifələr də ətraflı müzakirə olunmuşdur.