Salyanın Xıdırlı kəndinə içməli su verildi

 

25

 

Salyan rayonunun mərkəzindən 45 kilometr aralıda yerləşən Xıdırlı kəndinə nəhayət uzun illərdən sonra içməli su verilib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Gün.Az-ın bölgə müxbirinə verilən məlumata görə, Salyan rayonunun Xıdırlı kənd əhalisinin yalnız 30 faizi, təxminən 1000 nəfər sakini mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunurdu.

Gün ərzində kəndə cəmi 1-2 saat içməli su verilirdi. Kəndin digər sakinləri isə öz tələbatlarını fərdi qaydada ödəmək məcburiyyətində qalırdılar.

Kəndin su təchizatı sistemi ötən əsrin 70-80-ci illərində yaradılıb. Uzun müddət istifadə olunan magistral və paylayıcı su xətləri, anbarlar və nasos stansiyası istismara yararsız vəziyyətdə düşdüyündən əhalinin su təchizatında problemlər yaranırdı.

Bu günlərdə “Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi” çərçivəsində 3312 sakin içməli su ilə təmin olunub. Layihəyə uyğun olaraq kəndə su Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı kəmərindən verilir.

Bu məqsədlə 200 millimetr diametrli polietilen borularla 15,7 kilometr uzunluğunda yeni magistral su xətti çəkilib. Bundan başqa yararsız vəziyyətə düşmüş nasos stansiyası ləğv edilərək yenisi tikilib, müxtəlif diametrli polietilen borularla 17 kilometr uzunluğunda kənddaxili şəbəkə yaradılıb və bu iş hazırda davam etdirilir.

Qeyd edək ki, gələn ilin əvvəllərində rayonun 17 kəndi, təxminən 21 min nəfər əhali 24 saat fasiləsiz və keyfiyyətli su ilə təmin olunacaq.