Salyanlılar prezident seçkilərində fəallıq göstərirlər

XALQ,AZ xəbər verir ki, Salyanda prezident seçkilərində səsvermə prosesi mütəşəkkil keçir. Seçicilərin siyasi iradələrini azad və sərbəst ifadə etmələri üçün bütün məntəqələrdə nümunəvi şərait yaradılıb. Rayonda prezident seçkiləri iki dairə üzrə keçirilir. 59 saylı Salyan şəhər və 60 saylı Salyan-Neftçala seçki dairələrində 79 seçki məntəqəsi fəaliyyət göstərir.

Seçici siyahılarına, ümumilikdə, 77 min 434 seçici daxil edilib. Məntəqələrdə 13 veb-kamera quraşdırılıb. Əlil və fiziki cəhətdən qüsurlu seçicilərin səsvermədə rahat iştirakı üçün məntəqələrdə panduslar quraşdırılıb. Səsvermənin gedişini hər məntəqədə orta hesabla 11-12 müşahidəçi izləyir. Hər iki dairə üzrə məntəqələrdə seçicilərin iradəsini sərbəst və azad ifadə etməsi üçün bütün şərait yaradılıb.

59 saylı Salyan seçki dairəsinin nəzdində fəaliyyət göstərən 3 saylı şəhər seçki məntəqəsində olarkən bunların bir daha şahidi olduq.

Səhər saat 8.00-da məntəqə seçki komissiyasının sədri Aygün Abdullayeva yerli və xarici müşahidəçilərin iştirakı ilə səsvermənin başlandığını elan etdi.

Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında dayanan məntəqə seçki komissiyasının üzvü qarşılayaraq əlində tutduğu ultra-bənövşəyi fanarla seçicilərin sol baş barmağını yoxladıqdan sonra onları içəri buraxdı. Səsvermənin gedişini 11 yerli və 2 xarici müşahidəçi izləyirdi.

Seçki məntəqəsində səsvermə hüququndan ilk dəfə istifadə edən gənc seçici Elgün Cavadzadədən səsvermənin gedişini öyrəndik. “İlk dəfədir seçkilərdə iştirak edirəm. Səsverməyə gələndə həyəcanlı idim. Axı, bu seçki dövlətimizin həyatında ciddi hadisədir. Heç bir təsir və təzyiq olmadan azad şəkildə fikrimi ifadə etdim. Daha güclü Azərbaycana səs verdim”, – deyə o bildirib.

Şəhər sakini Şahxanım Kazımova da söhbətimizə qoşuldu. O da səsvermənin gedişindən razı qaldığını vurğuladı.

Məntəqədə müşahidəçi missiyasını yerinə yetirən Elşad Vahidov da səsvermənin böyük fəallıqla, azad və şəffaf keçirildiyini, hər hansı bir qanun pozuntusuna yol verilmədiyini bildirdi.

Məntəqə seçki komissiyasının sədri Aygün Abdullayevanın verdiyi məlumata görə, məntəqədə 1070 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 8 nəfəri ilk dəfə səs verəndir.

Aran bölgəsində fəaliyyət göstərən 46 saylı Şirvan, 58 saylı Hacıqabul–Kürdəmir, 61 saylı Neftçala, 62 saylı Saatlı, 63 saylı Sabirabad I, 64 saylı Sabirabad II, 65 saylı Saatlı-Sabirabad–Kürdəmir, 66 saylı Biləsuvar, 79 saylı İmişli, 80 saylı İmişli–Beyləqan və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairələrinin əhatə etdiyi məntəqələrdə də səsvermə azad və demokratik şəraitdə keçir.

Elgün