Şamaxı İH başçısının müavini qanunlardan xəbərsizdir

 

41

Şamaxı Rayon İcra Hakimiyyətində vəzifədən uzaqlaşdırılan 50-yə yaxın işçinin məhkəmə prosesinin nəticələri ilə bağlı bu gün ANS TV məlumat yayıb.

Xəbərdə bildirilir ki, Şamaxı Rayon İcra Hakimiyyəti sistemindən uzaqlaşdırılan bu işçilər hüquqi baxımdan haqlı olduqlarını sübut etsələr də, icra hakimiyyətində onları eşitmirlər, ya da eşitmək istəmirlər.
Qeyd edək ki, bütün mərhələlərdə-istər yerli instansiya, istər Appelyasiya və istərsə də Ali Məhkəmədə şikayətçilərin iddiaları təmin edilib, onların xeyrinə qərar çıxarılıb.

Məsələ ilə bağlı, Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Başçının müavini Ağamustafa Vahidov Aktual.az-a kobud şəkildə bildirdi ki, mətbuata açıqlama vermək mənim borcum deyil:

“Zəng edin icra hakimiyyətinin müvafiq şöbəsinə. Onlar mənimlə özləri əlaqə saxlayacaqlar. Məsləhət olsa, onlara nə lazımdır, məlumat verəcəm”.

Görünür, Ağamustafa müəllim yalnız icra hakimiyyətinin ictimai- siyasi şöbəsini media qurumu hesab edir. Bu, onun Azərbaycan qanunvericiliyindən xəbərsizliyinin göstəricisidir. Belə olan halda, Ağamustafa Vahidova Azərbaycan Respublikası KİV haqqında qanununun müvafiq bəndini xatırladırıq:

Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ
Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.