Şamaxı sakinləri aksiya edəcək

Samaxi-1

«Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev yerli sahibkarları hökumətə qarşı qaldırır». Bu sözlər DİA.AZ-a daxil olan Şamaxı sahibkarlarının müraciətində qeyd olunub. Şamaxıdan olan narazı iş adamları bildirirlər ki, yerli-yersiz icra başçısının adından pul yığılması artıq onları təngə gətirib.

Daxil olan müraciətin mətnini diqqətinizə təqdim edirik: «Asif Ağayevi prezident İlham Əliyev rayonun inkişaf etdirilməsi, abadlaşdırılması, quruculuq işlərinin həyata keçirilməsi, əhaliinin sosial-rifah halının artırılması məqsədilə icra hakimiyyətinin başçısı postuna təyin edib. Və Asif Ağayev Şamaxıda prezidentin nümayəndəsi hesab olunur.

Amma yazıqlar olsun ki, Asif Ağayev Şamaxıya rəhbər təyin olunan gündən bu rayon camaatının günü qara olub. Torpaqların satılması bir yana, əli iş tutanlar da bu gün Asif Ağayevə haqq vermədən daş üstünə daş qoya bilməz».

Sakinlər iddia edir ki, Asif Ağayevin sahibkarlardan yerli-yersiz, müxtəlif bəhanələrlə pul toplaması ənənə halını aldığından, onlar Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar:

«Biz şamaxılı sahibkarlar prezident İlham Əliyevi hər zaman dəstəkləmişik, yenə də dəstəkləyirik. Amma bu gün Asif Ağayev prezidentin nümayəndəsi kimi Şamaxıda camaatı incitməklə məşğuldur. İnsanları vadar edir ki, halal yolla pul qazanmaqdan imtina etsinlər.

Biz də dəfələrlə Asif Ağayevdən bütün dövlət qurumlarına şikayətlər yazmışıq. İndi də fikrimizi Prezident Administrasiyasının qarşısında etiraz aksiyası şəklində çatdırmaq istəyirik. Əgər bu gün Asif Ağayevin özbaşına əməlləri durdurulmazsa, biz sözümüzü birbaşa prezidentə ünvanlamaq zorunda qalacağıq. Bilin ki, Şamaxı sakinləri başçının əlindən cana doyub».

Qarşı tərəfi də dinləməyə hazırıq…